Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir A.Axundov/
2011-ci ildə ümumi gücü 1270 meqavatdan artıq olan iki istilik və üç su elektrik stansiyasının tikintisi davam etdirilib.
Trend-in məlumatına görə, bu barədə cümə günü Milli Məclisin plenar iclasında Azərbaycan hökumətinin 2011-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı Baş nazir Artur Rasizadə deyib.
"Ötən il elektrikötürücü xətlərin və yüksəkgərginlikli stansiyaların yaradılması, paylayıcı sistemlərin yenidən qurulması üzrə böyük həcmdə işlər yerinə yetirilib", - Rasizadə bildirib.
Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi məqsədilə konkret pilot layihələr həyata keçirilib.
"Qobustan rayonunda eksperimental poliqon və hibrid tipli elektrik stansiyası tikilib, müşahidə-nəzarət stansiyaları quraşdırılıb, treninq mərkəzi istismara verilib", - Rasizadə deyib.
Baş nazirin sözlərinə görə, ölkənin müxtəlif rayonlarında səkkiz su elektrik stansiyasının tikintisi davam etdirilib, Sumqayıtda günəş batareyalarının istehsalı üzrə müasir zavodun tikintisi isə başa çatmaq üzrədir.