Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir E.İsmayılov/
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Xəzərin Azərbaycan sektorundakı "Səngəçal-Duvannı-Xərə-Zirə" yatağında ekoloji monitorinq aparıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı İdarənin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Monitorinq İdarənin 2012-ci il iş planına uyğun olaraq aparılıb.
Məlumata görə, monitorinq "MPK-452" gəmisi vasitəsilə həyata keçirilib.
Monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün sözügedən yatağın hər birinin 15 seçilmiş stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülüb.
Monitorinq zamanı həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikaları öyrənilib, dəniz axınlarının sürət və istiqaməti ölçülüb, ərazinin meteoroloji tədqiqatı aparılıb.