...

"Azərikimya" İB-də Belarus nümayəndə heyəti ilə işgüzar görüş keçirilib (FOTO)

Energetika Materials 30 Oktyabr 2012 18:05 (UTC +04:00)
"Azərikimya" İstehsalat Birliyində Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
"Azərikimya" İB-də Belarus nümayəndə heyəti ilə işgüzar görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Azərikimya" İstehsalat Birliyində Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

İB-dən Trend-ə verilən məlumata görə, görüşdə ölkələrimiz arasında son illərdə iqtisadi və mədəni əlaqələrin bütün istiqamətlərdə daha da genişləndiyi xüsusi məmnunluqla qeyd edilib.

Belarus Respublikası nümayəndə heyətinin rəhbəri Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin avqustunda Minskə rəsmi səfəri zamanı Belarus Prezidenti Aleksandr Lukaşenko ilə işgüzar görüşlərinin ölkəmizin xalqları arasında dostluq münasibətlərinin və iqtisadi-mədəni əlaqələrin güclənməsində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edilib ki, Minsk görüşünün nəticəsi olaraq Belarus-Azərbaycan ölkələrarası Ticarət-iqtisadi əlaqələr komissiyasının növbəti yığıncağında hər iki ölkənin neft-kimya sənayesi sahəsində əməkdaşlığın təşkili və genişləndirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.

"Azərikimya" İB-də keçirilən geniştərkibli görüşdə Birliyin Müşahidə Şurasının sədri Muxtar Babayev qonaqlara Azərbaycanın neft-kimya sənayesinin yaradılması tarixi və inkişaf perspektivləri, o cümlədən yeni yaradılmaqda olan Sumqayıt Kimya Sənaye Parkı haqqında geniş məlumat verib. Neft-kimya məhsullarının qarşılıqlı mübadiləsi və idxal-ixrac həcminin artırılması, Azərbaycanın neft-kimya üzrə yeni layihələrinin reallaşmasında, həmçinin yeni yaradılmış "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nın istehsalat sahələrinin genişləndirilməsində Belarus investorlarının və mütəxəssislərinin iştirakı, qarşılıqlı təcrübə mübadiləsi və s. görüşün əsas müzakirə mövzusu olub.

Tərəflər neft-kimya sahəsində elmi-texniki və investisiya əməkdaşlığı ilə də bağlı işgüzar müzakirə aparıblar. Bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsi və konkret tədbirlərin həyata keçirilməsinə başlanılması məqsədilə "Azərikimya" İB-nin nümayəndə heyətinin noyabr ayında Belarusa işgüzar səfərinin təşkili planlaşdırılıb və bu barədə razılıq əldə edilib. Səfər çərçivəsində Azərbaycan tərəfinin Belarusun neft-kimya kompleksi və Mogilyovda yaradılmış Azad İqtisadi Zona ilə tanışlığı da nəzərdə tutulub.

Görüşdə "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nın direktoru Mehman Ağayev də iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti