...

Baş nazir: Türkiyə İraqın kürd muxtariyyəti ilə enerji əməkdaşlığını davam etdirəcək

Energetika Materials 17 Noyabr 2012 14:18 (UTC +04:00)
Türkiyə İraqın kürd muxtariyyəti ilə bundan sonra energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu əməkdaşlıq İraqın mərkəzi hökuməti üçün heç bir narahatlıq yaratmayacaq.
Baş nazir: Türkiyə İraqın kürd muxtariyyəti ilə enerji əməkdaşlığını davam etdirəcək

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyə İraqın kürd muxtariyyəti ilə bundan sonra energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu əməkdaşlıq İraqın mərkəzi hökuməti üçün heç bir narahatlıq yaratmayacaq. Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan şənbə günü jurnalistlərə bildirib. Trend-in məlumatına görə, bu barədə "TRT Haber" telekanalı xəbər verib.

Baş nazirin sözlərinə görə, Türkiyə və kürd muxtariyyəti neft və neft məhsullarının mübadiləsi sahəsində əməkdaşlıq edəcək. Belə ki, muxtariyyət Türkiyəyə neft, Türkiyə isə öz növbəsində oraya neft məhsulları ixrac edəcək.

"Kürd muxtariyyətinin Süleymaniyyə kimi iri vilayətlərində enerji resurslarının və neft məhsullarının kəskin qıtlığı müşahidə olunur. Bizim əməkdaşlığımız muxtariyyətə bu problemi müəyyən dərəcədə həll etməyə imkan verəcək", - Ərdoğan deyib.

Bundan əvvəl İraqın rəsmi şəxsləri Türkiyənin İraqın kürd muxtariyyəti ilə energetika sahəsində əməkdaşlığını tənqid etmişdilər.

İraqın şimalında kürd muxtariyyəti və Bağdad arasında münasibətlər 2011-ci ilin oktyabrında Amerikanın "Exxon Mobil" şirkətinin İraqın bu regionunda kəşfiyyata və neft hasilatına başlamaq üçün Kürd muxtariyyətindən icazə almasından sonra pisləşib. Bağdadda bu sazişi qanunsuz hesab etdilər və şirkəti ondan imtina etməyəcəyi halda mərkəzi İraq hökuməti ilə olan sazişlərini təkrar gözdən keçirilə biləcəyi barədə xəbərdarlıq etdilər.

BP-nin məlumatına görə, İraqın şimalindakı kürd muxtariyyətinin ərazisində neft ehtiyatları 45 milyard barel həcmində qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti