...

Beş il ərzində Azərbaycanda elektrik enerjisinin istehlakı 25% azalıb

Energetika Materials 21 Noyabr 2012 12:58 (UTC +04:00)
Enerji effektivliyi texnologiyalarının geniş yayılması üçün onların ilk növbədə, dövlət sektorunda geniş tətbiq edilməsi lazımdır.
Beş il ərzində Azərbaycanda elektrik enerjisinin istehlakı 25% azalıb

Azərbaycan, Bakı, 21 noyabr / Trend, müxbir E.İsmayılov /

Enerji effektivliyi texnologiyalarının geniş yayılması üçün onların ilk növbədə, dövlət sektorunda geniş tətbiq edilməsi lazımdır. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin nümayəndəsi Cəmil Məlikov "Enerji effektivliyi: iqtisadi və institusional aspektlər və perspektivlər" adlı konfransda deyib.

"Enerji effektivliyi texnologiyalarının ayrı-ayrı fərdi şəxslər və şirkətlər tərəfindən tətbiq edilməyə başlaması üçün onlar ilk növbədə, dövlət obyektlərində və ictimai iaşə obyektlərində istifadə olunmalıdır", - Məlikov bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda enerji effektivliyi sahəsində əhəmiyyətli nəticələrə nail olunub. Xüsusilə, elektrik sayğaclarının hər yerdə quraşdırılması ölkədə elektrik enerjisi istehlakının əhəmiyyətli dərəcədə azalmasına gətirib çıxarıb.

Məlikovun dediyi kimi, 2007-ci ildən 2011-ci ilə qədər Azərbaycanda elektrik enerjisinin istehlakı 24 milyard kilovatt/saatdan 18 milyard kilovatt/saata qədər azalıb.

Konfransda, həmçinin Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin birinci katibi, energetika üzrə məsləhətçisi Edita Novak çıxış edib. O, 2020 və 2030-cu illərdə Avropada alternativ energetikanın və enerji effektivliyinin inkişafı planlarından danışıb.

Novak qeyd edib ki, bu planlar çərçivəsində Avropa İttifaqı istixana effekti yaradan qazların atmosferə buraxılmasının azalması, həmçinin alternativ enerji mənbələri sahəsində böyük nəticələrə nail olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti