...

Qərbi Çıraq platformasının üst modulları dənizdə uğurla quraşdırılıb

Energetika Materials 16 Sentyabr 2013 16:50 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Qərbi Çıraq platformasının üst modullarının sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" yatağında təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırıldığını açıqlayıb.
Qərbi Çıraq platformasının üst modulları dənizdə uğurla quraşdırılıb

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Qərbi Çıraq platformasının üst modullarının sentyabrın 14-də "Azəri-Çıraq-Günəşli" yatağında təhlükəsiz şəkildə dayaq blokunun üzərinə quraşdırıldığını açıqlayıb.

BP-dən Trend-ə verilən məlumata görə, bundan əvvəl sentyabrın 12-də üst modullar Çıraq Neft Layihəsinin (ÇNL) bir hissəsi kimi inşa olunduğu Bibiheybətdəki ATA (AMEK-TEKFEN-AZFEN) tikinti-quraşdırma sahəsindən uğurla yola salınmışdı. Üst modulların dənizdə montajı və istismar sınağının bu ilin sonunadək başa çatacağı gözlənilir.

Üst modulların tikintisi 2010-cu ilin iyul ayında başlanıb və 2013-cü ilin iyul ayında başa çatıb. Bundan sonra isə quruda təqribən 2 ay qalan istismar sınaq işləri aparılıb. Tikinti işləri texniki təhlükəsizlik üzrə ən yüksək standartlara tam uyğun şəkildə həyata keçirilib və bu işlərə sərf olunmuş təxminən 20 milyon adam/saat ərzində heç bir qəza ucbatından itirilmiş iş günü qeydə alınmayıb.

Üst modulların tikintisində Xəzərdə ilk dəfə tətbiq olunan bir sıra yeni texnologiya və avadanlıqdan istifadə olunub ki, bu da uzun illər təhlükəsiz və etibarlı əməliyyatlar üçün yüksək standartları təmin edir.

Öz tamamlanmış 19 500 ton çəkisi ilə Qərbi Çıraq platformasının üst modulları Xəzər dənizində indiyə qədər quraşdırılmış ən ağır konstruksiyadır. Bu nəhəng obyekt yerli infrastrukturdan istifadə etməklə belə iri miqyasda işləri aparmaq üçün modernləşdirilmiş ATA tikinti-quraşdırma sahəsində bütünlüklə ölkə daxilində inşa edilib.

Tikinti işlərinin aparıldığı 3 il ərzində yerli ehtiyatlardan istifadənin maksimuma çatdırılması başlıca prioritet olub - subpodratçılar və ixtisaslaşmış təchizatçılar da daxil olmaqla tikinti işlərinə təxminən 4000 nəfər insan cəlb edilib ki, bunun da 90%-ə qədəri yerli işçilər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti