...

BP "Qərbi Çıraq" platformasında beşinci quyudan hasilata başlayıb (ƏLAVƏ OLUNUB)

Energetika Materials 29 Yanvar 2014 15:38 (UTC +04:00)
"Azəri-Çıraq -Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsinin operatoru BP şirkəti "Qərbi Çıraq" platformasında beşinci quyudan hasilata başladığını elan edib.
BP "Qərbi Çıraq" platformasında beşinci quyudan hasilata başlayıb (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir E.İsmayılov/

"Azəri-Çıraq -Günəşli" dəniz yataqları blokunun işlənməsi layihəsinin operatoru BP şirkəti "Qərbi Çıraq" platformasında beşinci quyudan hasilata başladığını elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü brifinqdə "BP Azerbaijan" şirkətinin rəhbəri Qorden Birrell deyib.

O bildirib: "Neft hasilatına tamamilə təhlükəsiz şəraitdə başlanıb".

Q.Birrell şirkət adından respublika rəhbərliyini, ARDNŞ-ni (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və layihənin reallaşdırılmasında iştirak edən bütün tərəfləri bu münasibətlə təbrik edib: "Şirkət Xəzərdə ümumilikdə səkkiz platforma istifadəyə verib".

Onun sözlərinə görə, AÇG-də indiyədək 2,3 milyard barel neft hasil olunub.

BP-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qərbi Çıraq platformasından hasilatın başlanması ilə 2010-cu ildə sanksiya verilmiş Çıraq Neft Layihəsi (ÇNL) başa çatmış olur.

Məlumata görə, Qərbi Çıraqdan hasilat 28 yanvar tarixində öncəqazma quyularından biri olan J05 quyusundan başlayıb. Neft əvvəlcə platformada quraşdırılmış texnoloji qurğulardan keçəcək, sonra isə yeni yataqdaxili boru kəməri vasitəsilə mövcud 30" sualtı ixrac boru kəmərinə ötürüləcək və bu kəmərlə də Səngəçal terminalına ixrac ediləcək. Hasilat 2014-cü il ərzində digər öncəqazma quyuları işə düşdükcə artacaq.

Qərbi Çıraq platforması dənizin 170 metr dərinliyində, mövcud Çıraq və Dərinsulu Günəşli platformaları arasında quraşdırılıb. Yeni platformanın layihə gücü gündəlik 183 min barel neft təşkil edir. Platforma həmçinin gündəlik 285 milyon standart kub fut qaz ixrac etmək gücündədir.

AÇG-də iştirak payları: BP (operator - 35,78%), ARDNŞ (11,65%), Şevron (11,27%), İNPEKS (10,96%), Statoyl (8,56%), EksonMobil (8%), TPAO (6,75%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,72%).

Çıraq Neft Layihəsi (ÇNL) AÇG yatağı üzrə 6 milyard dollar dəyərində olan növbəti işlənmə planıdır. Layihənin ümumi dəyərinin təxminən 4 milyard dolları obyektlərin tikintisi və öncəqazma proqramı üçün xərclənib, məbləğin qalan hissəsi isə istismar müddəti ərzində platformadan quyularının qazılmasına sərf olunacaq. Bu iri investisiya AÇG yatağında layların neft verməsini optimallaşdırmağa xidmət edəcək.

Qərbi Çıraq platformasının tikintisi Azərbaycanın dünya səviyyəli tikinti-quraşdırma sahələrinin tarixində ilk dəfə olaraq yerli ehiyatlardan istifadə etməklə büsbütün ölkə daxilində həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti