Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.İsmayılov/
Proqnozlara əsasən, 2014-cü ildə "Qərbi Çıraq" yeni platformasında neft hasilatının həcmi 3 milyon ton təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə brifinqdə "bp Azerbaijan" şirkətinin rəhbəri Qordon Birrell deyib.
"bp" Xəzərin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqları blokunun işlənməsi layihəsinin operatorudur.
Q.Birell bildirib ki, proqnozlara əsasən, platformada orta sutkalıq hasilat həcmi təqribən 60 min barel təşkil edəcək: "2014-cü il ərzində "bp" daha 6 quyu qazmağı və istismara verməyi planlaşdırır. Ümumilikdə ilkin plana əsasən, platformada 14 quyunun (hasilat və texniki) qazılması planlaşdırılır".
Onun sözlərinə görə, qalan quyular 2015-2016-cı illərdə istismara veriləcək: "Birinci quyunun sutkalıq debeti 3 min barel təşkil edib, lakin daha yüksək göstəricilər gözlənilir. Digər quyuların qazılması barədə planlaşdırılan 14 quyunun vəziyyəti və nəticələrindən asılı olaraq danışmaq mümkün olacaq. Yeni platforma "Azəri-Çıraq-Günəşli"də hasilatın sabitliyinin təmin olunmasına xidmət edəcək".
Platforma sutkada maksimum 185 min barel neft və təqribən 5,3 milyon kubmetr qaz verəcək.
"Azəri-Çıraq-Günəşli" dəniz yataqları bloku üzrə müqavilə 1994-cü ildə imzalanıb.
AÇG-də iştirak payları: bp (operator - 35,78%), AzAÇG (11,65%), Chevron (11,27%), Inpex (10,96%), Statoyl (8,56%), Exxon (8%), TPAO (6,75%), Itochu (4,3%), ONGC (2,72%)