...

Vitse-prezident: ARDNŞ-nin ixtisara salınmış əməkdaşlarının təqribən 89 faizi şirkətin digər bölmələrində işlə təmin olunub

Energetika Materials 24 Fevral 2014 14:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azneft" İstehsalat Birliyinin (İB) 5 iri idarəsi və digər müəssisələrinin tərkibində aparılmış struktur dəyişiklikləri nəticəsində 7222 iş yeri ixtisara salınıb. Trend-in məlumatına görə, bunu bazar ertəsi ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov Bakıda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ixtisara salınmış 7222 nəfərdən 6418-i artıq şirkətin digər bölmələrində işlə təmin olunub. Digər sahələrdə işləmək qərarına gəlmiş 533 şəxsə 5 aylıq əməkhaqqı həcmində kompensasiya ödənilib.

X.Məmmədov qeyd edib ki, struktur dəyişiklikləri nəticəsində ixtisara düşmüş işçilərin sosial dayanıqlığını və məşğulluğunu təmin etmək üzrə 108 nəfərin qoşulduğu proqram qəbul olunub: "Bu işçilərə hər ay əvvəlki əməkhaqqının 50 faizini almaqla il ərzində ixtisasartırma kursu keçmək imkanı yaradılıb".

İxtisara düşmüş daha 163 nəfər iki aylıq əməkhaqqı həcmində kompensasiya alıb və ARDNŞ-də işlə təmin olunmaq hüquqlarını özlərində saxlayıb.

Vitse-prezidentin sözlərinə görə, 2014-cü il ərzində şirkətdə 4376 vakansiya (3098-i artıq açılıb) açılacaq: "Lakin bu vakansiyalar çərçivəsində azad olmuş əməkdaşların işlə təminatında müəyyən çətinliklər mövcuddur: "Çünki onlar çox vaxt bu və ya digər vakant yerlərin tələblərinə cavab vermirlər (qeyri-profil ixtisaslarına malikdirlər). Buna görə də belə işçilər ixtisaslarını artırmalıdırlar ki, bu da yaxın aylar ərzində onların işlə təmin edilməsinə imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti