...

2015-ci ildən Azərbaycanda 300 meqavatlıq alternativ enerji obyektləri yaradılacaq

Energetika Materials 23 Sentyabr 2014 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir Emil İsmayılov/

2015-ci ildən Azərbaycanın Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ümumilikdə 300 meqavat gücə malik alternativ enerji üzrə obyektlərin yaradılmasına başlayacaq. Bu barədə jurnalistlərə Caspian European Club-ın (CEIBC) təşkil etdiyi növbəti biznes forum çərçivəsində agentliyin rəhbəri Akim Bədəlov bildirib.

Onun sözlərinə görə, bu layihə günəşin, küləyin, geotermal suların, kiçik çayların və biokütlənin enerjisinin generasiyasına yönəldiləcək.

A.Bədəlov deyib ki, hazırda Yeni Yaşmada ümumi gücü 50 meqavat olan külək enerjisi stansiyasının tikintisi işləri başa çatıb: "Yaxın günlərdə istismara qəbul üzrə dövlət komissiyasının ekspertizasından keçdikdən sonra biz bu ilk böyük stansiyanı "Azərenerji" ASC-nin ümumi paylayıcı şəbəkəsinə birləşdirməyi planlaşdırırıq".

Agentlik rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda 7 günəş elektrik stansiyası layihəsinin hazırlanması işləri başa çatır. Bu ilin sonu - gələn ilin əvvəlində isə həmin stansiyaların təməlinin qoyulması planlaşdırılır.

Eləcə də Şəki və Siyəzən rayonlarında biokütlədən elektrik enerjisinin alınması üzrə stansiyanın yaradılması planları mövcuddur ki, burada xammal kimi iribuynuzlu mal-qara və toyuqların həyat fəaliyyətinin tullantılarından istifadə olunacaq.

Hazırda Azərbaycanda alternativ enerji mənbələrinin payı bir faizə də çatmır və bu da kiçik su elektrik stansiyalarının payına düşür. Bu gün Avropa ölkələrində və digər inkişaf etmiş ölkələrdə il ərzində alternativ enerjinin payının elektrik enerjisi istehsalının ümumi həcmində 10-15 faizə çatdırılması qərara alınıb.

İlkin araşdırmalara görə, Azərbaycanda alternativ enerji əldə etmək üçün beş il ərzində 100-dək obyektin tikintisi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti