...

Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayələri 4 dəfə artacaq

Energetika Materials 24 Sentyabr 2014 19:30 (UTC +04:00)
Trans-Anadolu qaz kəmərinin (TANAP) tikilməsi ilə Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayələrinin ümumi həcmi 20 milyard dollar təşkil edəcək.
Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayələri 4 dəfə artacaq

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbirlər Emil İsmayılov, Azad Həsənli/

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikilməsi ilə Azərbaycanın Türkiyə iqtisadiyyatına sərmayələrinin ümumi həcmi 20 milyard dollar təşkil edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə günü Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübəsi" adlı regional konfransda deyib.

Konfrans ölkəmizdə 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən təşkil olunub.

Bu günədək Azərbaycan Türkiyə iqtisadiyyatına 5 milyard dollaradək investisiya yatırıb.

S.Qasımovun sözlərinə görə, TANAP-ın tikintisi layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyə üçün böyük əhəmiyyətə malikdir: "Göstərilən investisiya həcmi TANAP-la yanaşı, ARDNŞ-nin Türkiyənin neft-kimya sənayesinin inkişafına qoyuluşlarını da ehtiva edir".

Vitse-prezident vurğulayıb ki, ARDNŞ (iştirak payı çərçivəsində) "Petkim" neft-kimya kompleksinin inkişafına, "Star" neft emalı zavodunun (10 milyon ton gücündə) tikintisinə, konteyner terminalına və elektrik stansiyalarına investisiya qoyur ki, bu da "Petkim"in gələcək inkişafı üçün lazımdır.

Qeyd edək ki, TANAP layihəsi Azərbaycanın "Şahdəniz" yatağından qazın Türkiyə ərazisi ilə Avropa sərhədlərinədək nəqlini nəzərdə tutur. Boru kəmərinin ilkin buraxılış gücünün ildə 16 milyard kubmetr olacağı gözlənilir. "Şahdəniz"dən 10 milyard kubmetr həcmində qaz Avropa bazarına, 6 milyard kubmetr isə hər il Türkiyəyə tədarük olunacaq. TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 10-11 milyard dollar qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti