Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
2015-ci ilin martında Türkiyədə "Akkuyu" atom elektrik stansiyasının (AES) tikintisinə başlanılacaq. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii resurslar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, AES-in tikintisi Türkiyə üçün xüsusi önəm kəsb edir.
Qeyd edək ki, Türkiyədə VVEP-1200 tipli reaktora malik dörd enerji blokunun daxil olduğu ilk "Akkuyu" AES Rusiyanın layihəsi əsasında tikiləcək. Stansiyanın inşasına dair saziş 2010-cu ilin mayında imzalanıb.
Stansiyanın hər blokunun gücü 1200 meqavat, ümumi gücü isə 4800 meqavat təşkil edəcək. Blokların bir illik fasilə ilə ardıcıl istismara veriləcəyi nəzərdə tutulur.