Azərbaycan, Bakı, 11 mart /Trend/
"Neft Daşları" NQÇİ-nin istismar etdiyi "Palçıq pilpiləsi" yatağındakı 1304 nömrəli meydançada əsaslı təmir işləri başa çatdırılıb.
Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, meydançadakı hasilat quyularının səmərəliliyinin artırılması, eləcə də burada yerləşən texnoloji avadanlıqların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan təmir işləri zamanı korroziyaya uğramış metal konstruksiyalar və yararsız vəziyyətə düşmüş dəmir-beton plitələr yenisi ilə əvəz olunub, 20 ədəd svay vurulub, 17 ədəd rigel, 14 ədəd fəza ferması və 1 ədəd minik meydançası quraşdırılıb.
1400 kvadratmetr sahəni əhatə edən meydançada təmir işləri "Neftqaztikinti" Trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.
Qeyd edək ki, 1983-cü ildə istismara verilmiş və dənizin 14 metr dərinliyində yerləşən 1304 nömrəli meydançada 4 hasilat quyusundan sutkada 20 tona yaxın neft, 1500 kubmetr qaz hasil olunur.