Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlkin İzzət/
"Serbiya hökuməti Rusiyadan başqa, digər neft-qaz mənbələrini ciddi şəkildə nəzərdən keçirəcək. Azərbaycan və Türkiyədən gələn boru kəmərlərinə qoşulma, eləcə də ABŞ-dan gələn qazın alınması məsələsini nəzərdən keçiriləcək".
Trend xəbər verir ki, bunu Serbiyanın keçmiş Baş naziri Mirko Tsvetkoviç bu gün III Qlobal Bakı Forumunda enerji təhlükəsizliyinə həsr edilmiş paneldə çıxış edərkən deyib.
Onun sözlərinə görə, Serbiyanın özünün neft-qaz resursları yoxdur. Düzdür, yerli qaz istehsalı var. Amma bu cəmi 15 faiz təşkil edir, əsas hissə isə idxal olunur: "Vəziyyəti daha da pis edən odur ki, biz qazı yalnız bir yerdən idxal edirik. Bu, Rusiya qazıdır ki, Macarıstan üzərindən idxal olunur. Biz ölkədə qazın saxlanıldığı anbar yarada bildik. Buna baxmayaraq, vəziyyətimiz o qədər də yaxşı deyil. Biz "Cənub axını" layihəsi üzrə "Qazprom"la danışıqlar apardıq, müqavilə imzaladıq. Düşünürdük ki, artıq gələcəyimizi təmin etmişik. Təəssüf ki, artıq bu layihə yoxdur. İndi biz başqa mənbələr, layihələr barədə düşünürük, şaxələndirmə aparmaq istəyirik, lakin buna xeyli vaxt lazımdır".
M.Tsvetkoviç enerji və siyasətdən sülh və əməkdaşlıq naminə istifadə edilməsinin vacibliyinə də toxunub: "İstər-istəməz enerji barədə danışanda bu məsələ siyasətə gəlib çıxır. Əgər enerji təhülkəsizliyi sülh və əməkdaşlıq üçün vasitə kimi istifadə edilə bilərsə, onda mümkündürmü ki, siyasətdən də sülh və əməkdaşlıq üçün istifadə edək? Əslində siyasət sülh və əməkdaşlıq yaratmalıdır. Amma bəzən siyasət bizim istəmədiyimiz nəticələrə gətirib çıxarır. Amma biz çalışacağıq ki, gələcək naminə siyasətdən sülh və əməkdaşlıq üçün istifadə edək".