...

TAP İrandan layihədə iştirak etmək üçün təklif almayıb

Energetika Materials 19 Avqust 2015 10:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Maksim Tsurkov/

TAP hələlik layihədə iştirak etmək üçün İrandan heç bir təklif almayıb, həmçinin özü də layihədə iştirakı etmək üçün İrana təklif irəli sürməyib.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata əsasən, bu barədə TAP-ın idarəedici direktoru Yen Bredşou deyib.

O bildirib ki, bu vaxta kimi İranın layihədə iştirakı ilə bağlı ölkə ilə heç bir danışıq aparılmayıb: "TAP-ın reallaşdırılması Avropa İttifaqının (Aİ) qanunvericiliyi və onunla bağlı sanksiyalara müvafiq şəkildə həyata keçirilir. Bu baxımdan layihə həmişə onun strateji əhəmiyyətini artıran istənilən şirkət üçün açıqdır".

Y.Bredşou qeyd edib ki, bütün "Cənub qaz dəhlizi" layihəsi Avropanın qaz bazarı üçün strateji əhəmiyyət daşıyır, belə ki, layihə regiona yeni təbii qaz mənbəyi təklif etməklə Avropanın enerji təhlükəsizliyini artırır: "İlkin mərhələdə layihə Azərbaycanın "Şahdəniz-2" yatağından Avropaya ildə 10 milyard kub metr qaz nəql edəcək. Gələcəkdə nəqletmə gücünün 20 milyard kub metrə kimi qalxması gözlənilir. Bunun üçün əlavə yeni kompressor stansiyalar inşa ediləcək. Həmçinin qazın reversiv axın imkanı olacaq. Layihədən ən çox Cənub-Şərqi Avropa ölkələri qazanacaq".

O bildirib ki, TAP-ın İtaliyada başa çatmasına baxmayaraq, boru kəməri sisteminin olması Azərbaycan qazının İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika və hətta Böyük Britaniyaya tədarükünə imkan yaradacaq: "Həmçinin "Şahdəniz-2" yatağının qazı Bolqarıstan və Yunanıstan kimi ölkələrin qaz tələbatını ödəməkdə mühüm rol oynayacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti