...

"Azərbaycan" kran gəmisinin dok təmiri yekunlaşdı

Energetika Materials 30 Oktyabr 2015 19:59 (UTC +04:00)
“Azərbaycan” kran gəmisi istismara qayıtdıqdan sonra “Şahdəniz-2” layihəsinin həyata keçirilməsində yaxından iştirak edəcək.
"Azərbaycan" kran gəmisinin dok təmiri yekunlaşdı

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Ən müasir sənaye müəssisələrindən olan Bakı Gəmiqayırma Zavodunda "Azərbaycan" kran gəmisinin dok təmiri başa çatıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən Trend-ə verilən məlumata görə, təxminən ay yarım davam edən təmir zamanı gəminin metal gövdəsi, lövbərləri, lövbər zəncirləri təmizlənərək rənglənib, 2 baş mühərriki təmir edilib, gəmi sistemləri və qurğuları yoxlanaraq sınaqdan keçirilib, kran mexanizmlərinin tənzimlənməsi işləri görülüb. Bundan əlavə, yaxın günlərdə gəmidə bir sıra modernizasiya işlərinin aparılması da nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsus, uzunluğu 127, eni 34 metr olan "Azərbaycan" kran gəmisi öz ölçülərinə və kranının yükqaldırma qabiliyyətinə (2500 ton) görə Xəzərdə ən böyük və güclü kran gəmisidir. Bu səbəbdən gəmi regionda ən iri üzən doka qaldırılıb.

Dəniz özülləri bloklarının yüklənməsi, boşaldılması, daşınması, dənizdə 200 metrədək dərinlikdə qoyulması kimi mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gələn "Azərbaycan" kran gəmisi istismara qayıtdıqdan sonra "Şahdəniz-2" layihəsinin həyata keçirilməsində yaxından iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti