...

Azərbaycan “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iclasında ABŞ-ın iştirakını vacib hesab edir (YENİLƏNİB)

Energetika Materials 6 Dekabr 2016 15:19 (UTC +04:00)
“Cənub qaz dəhlizi” layihəsinə siyasi dəstəyin nümayiş etdirilməsi üçün bu layihə üzrə Məşvərət Şurasının 3-cü iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunması vacibdir.
Azərbaycan “Cənub qaz dəhlizi” Məşvərət Şurasının iclasında ABŞ-ın iştirakını vacib hesab edir (YENİLƏNİB)

Bakı. Trend:

“Cənub qaz dəhlizi” layihəsinə siyasi dəstəyin nümayiş etdirilməsi üçün bu layihə üzrə Məşvərət Şurasının 3-cü iclasında ABŞ-ın yüksək səviyyədə təmsil olunması vacibdir.

Trend-in Energetika Nazirliyinin saytına istinadən məlumatına görə, bu sözləri energetika naziri Natiq Əliyev ABŞ Dövlət Departamentinin Enerji Ehtiyatları Bürosunun Enerji Diplomatiyası ofisinin direktoru Uilyam Silkvortla görüşü zamanı deyib.

Bundan başqa, görüşdə DESFA-nın özəlləşdirilməsi layihəsinə xitam verilməsi və İtaliyadakı referendumun Azərbaycan yataqlarından çıxarılan təbii qazı İtaliyaya nəql edəcək Trans-Adriatik (TAP) qaz kəməri layihəsinin icrasına mümkün təsirləri ilə bağlı müzakirələr aparılıb.

ABŞ nümayəndə heyəti OPEC-in növbəti görüşü ərəfəsində Azərbaycanın mövqeyi ilə maraqlanıb.

N.Əliyev Azərbaycanın dünya neft bazarında qiymətin sabitləşdirilməsi prosesinə qoşularaq, neft bazarının tənzimlənməsi və neftin qiymətinin qalxması üçün neft hasilatını və ixracını artırmayacağı ilə bağlı mövqeyini xatırladıb.

Nazir deyib: "Rəsmi Bakı digər neft ölkələrini də oxşar addımlar atmağa çağırmaqla yanaşı, OPEC tərəfindən aparılan məsləhətləşmələrə dəstəyini ifadə edib"

N.Əliyev Azərbaycanın Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan neft hasil edən ölkələrin dekabrın 10-da Vyanada keçiriləcək növbəti görüşünü mühüm hesab edərək iştiraka qərar verdiyini deyib: “Bu görüş OPEC üzvü olmayan ölkələrdə vəziyyətin öyrənilməsi baxımından əhəmiyyətli olacaq. Hesab edirəm ki, davamlı sabitlik və neftin qiymət artımının uzunmüddətli olması üçün nəinki OPEC və qeyri-OPEC ölkələri, həm kartel daxilində, həm də təşkilata üzv olmayan dövlətlər arasında ümumi anlaşma və həmrəylik olmalıdır. Bütün tərəflərin maraqları uzlaşacağı təqdirdə neftin qiymətinin tənzimlənməsi istiqamətində prosesi irəli aparmaq və razılaşmanın uzunmüddətliyini təmin etməklə hər kəs üçün sərfəli qiymətin müəyyənləşməsinə nail olmaq mümkündür”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti