Bakı. Trend:
Elektrik enerjisinin istehsalında yüksək səmərəliliyə nail olunması, habelə istehlakçıların etibarlı, təhlükəsiz və dayanıqlı elektrik və istilik enerjisi ilə təmin edilməsi məqsədilə cari ilin mart ayında “Azərenerji” ASC tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.
“Azərenerji” ASC-dən Trend-ə verilən məlumata görə, 2018-ci ilin mart ayında istehsal edilən elektrik enerjisinin həcmi 1,954 milyard kilovat-saat olub.
Qeyd edək ki, bu rəqəm 2017-cı ilin mart ayında 1,964 milyard kilovat-saat təşkil edib.
Bu dövr ərzində ölkə enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi qarşılıqlı şəkildə həyata keçirilb.
Eyni zamanda, milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi - kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planına uyğun olaraq, yaxın və uzaq perspektivdə nəzərdə tutulmuş müvafiq vəzifələrin icra vəziyyəti ilə bağlı müvafiq işləri davam etdirilib, eyni zamanda tabeliyində olan müəssisələrdə innovasiyalı texnologiyalar tətbiq etməklə, enerji sisteminin modernizasiyasını diqqətdə saxlanılıb və bununla əlaqədar ictimaiyyətin məlumatlandırılması üçün bir sıra tədbirlər görülüb.