...

Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb (FOTO)

Energetika Materials 26 Sentyabr 2018 18:07 (UTC +04:00)
Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.
Uzunmüddətli Enerji Strategiyasının hazırlanması ilə bağlı müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

Avropa İttifaqının (Aİ) EU4Energy Proqramının dəstəyi, Energetika Nazirliyi, Avropa Komissiyası, Beynəlxalq Enerji Agentliyi, bir sıra dövlət qurumlarının nümayəndələri və ekspertlərin iştirakı ilə Azərbaycanda uzunmüddətli enerji strategiyasının hazırlanması metodologiyasına dair seminar keçirilib.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini Samir Vəliyev ölkəmizdə enerji strategiyasının hazırlanmasının metodologiyası ilə bağlı Avropa Komissiyasının dəstəyini yüksək qiymətləndirib. Nazir müavini deyib ki, energetika sektoru qarşısında mühüm hədəflər strateji yol xəritəsində müəyyənləşdirilib və bu, enerji strategiyası ilə bağlı sənədin hazırlanması üçün baza rolunu oynaya bilər.

Azərbaycanla Aİ arasında enerji əməkdaşlığının hazırki səviyyəsindən məmnunluğunu ifadə edən enerji və iqlim üzrə proqram meneceri Nataliya Miolato isə deyib ki, Aİ tərəfindən uzunmüddətli enerji strategiyasının hazırlanmasına tam dəstək veriləcək.

Bildirilib ki, sənəd hazırlanarkən ölkə üçün strateji hədəflər, inkişaf meyilləri, enerji resurslarının dinamikası, enerji təhlükəsizliyinin təminatı, enerji istehlakının strukturunda dəyişikliklər, bərpa olunan enerji mənbələri, beynəlxalq tendensiyalar, iqlim siyasəti kimi məsələlər nəzərə alınmalı və digər ölkələrin təcrübəsindən istifadə edilməlidir.

Tədbirdə enerji sahəsində strateji sənədlərin hazırlanmasına dair Aİ ölkələrinin təcrübəsi və enerji strategiyalarının təhlili, enerji sektorunun modelləşdirilməsi mövzularında təqdimatlar dinlənilib. Neft-qaz və elektrik enerjisi sektorları üzrə prioritetlər və strateji məqsədlərlə bağlı müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti