...

OPEC+ hasilat məhdudiyyətinin tezliklə götürülməsi ilə bağlı təklif edə bilər

Energetika Materials 29 Sentyabr 2021 10:10 (UTC +04:00)
OPEC+ hasilat məhdudiyyətinin tezliklə götürülməsi ilə bağlı təklif edə bilər

Bakı. Ləman Zeynalova - Trend:

Neft qiymətlərinin yüksək olacağı təqdirdə OPEC+ hasilat məhdudiyyətlərinin tezliklə götürülməsi məsələsini qaldıra bilər.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, bu il neft qiymətlərinin dəyişmə dinamikası dünya iqtisadiyyatının və tələbin artması ilə əlaqəli olub: "İqtisadi artım proqnozlarının əsas amillərindən biri əhalinin COVID-19-a qarşı peyvəndlənməsi və bəzi ölkələrdə qapanmaların yumşaldılması və ya sərtləşdirilməsi ilə bağlıdır. Beləliklə, bütün dünyada neft qiymətləri epidemioloji vəziyyətlə birbaşa əlaqəlidir. Yayda "delta" ştammının sürətlə yayılması ilə əlaqədar dünya iqtisadiyyatının artım proqnozları azalmışdı və bu, neft qiymətlərinin qısamüddətli azalmasına səbəb oldu. Bu gün isə epidemioloji vəziyyət daha nikbin qiymətləndirilir ki, bu da neftə və digər məhsullara tələbin artmasına təsir edir. Neftin qiymətinə təsir etmiş digər amil isə Meksika körfəzində "İda" qasırğası ilə əlaqədar hasilatın azalması oldu".

Onun sözlərinə görə, neft bazarında tələb-təklif balansına təbii qaz bazarındakı cari vəziyyət də təsir edir: "Avropa qaz bazarı bir müddət əvvəl liberallaşdırılıb və qazın böyük hissəsi neft qiymətlərinə bağlı uzunmüddətli müqavilələr əsasında deyil, spot sövdələşmələr əsasında satılır. Bu, qaz qiymətlərinin stabilliyinin azalmasının nəticəsində baş verib. İndi analitiklər Rusiyadan Avropaya daxil olan qazın çatışmazlığını müzakirə edir. Ekspertlər hesab edir ki, Rusiya özünü qış üçün əhəmiyyətli qaz ehtiyatları ilə təmin etməlidir. Bütün bunlar ilin əvvəlindən mayeləşdirilmiş qaz qiymətlərinin artması fonunda baş verir. Yekunda Avropada təbii qazın spot qiymətlərinin misilsiz artımı müşahidə olunur. Hesab olunur ki, bazarın bir çox subyekti qazın bahalılığı və ya çatışmazlığı ilə əlaqədar elektrik enerjisi istehsalı üçün neft məhsullarından istifadə etməli olacaq. Beləliklə, qaz qiymətlərinin artımı neftə tələbatı da stimullaşdırır ki, bu da indi müşahidə etdiymiz neft qiymətlərinin artımının daha bir amildir".

İ.Əhmədov vurğulayıb ki, ortamüddətli perspektivdə neft qiymətləri dünyada epidemioloji vəziyyətdən və COVID-19 əleyhinə vaksinasiyadan, bu qışın iqlim şərtlərindən (soyuq qış enerji daşıyıcılarının daha çox bahalaşmasına yol aça bilər), ABŞ şist neft və qazı hasilatının artırılması perspektivindən, eləcə də OPEC+ ölkələrinin imkanları və iradəsindən asılı olacaq: "İstisna olunmur ki, hazırkı vəziyyətdə sonuncular neft hasilatına məhdudiyyətlərin götürülməsi məsələsini qaldıra bilər ki, bu da neftə tələbatın artımını müəyyən qədər neytrallaşdıra bilər".

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti