...

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat azalıb

Energetika Materials 5 May 2022 12:33 (UTC +04:00)
"Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasilat azalıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı.Trend:

2022-ci ilin birinci rübündə "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda hasilat gündə orta hesabla 434 min barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub.

Trend bu barədə bp şirkətinə istinadən məlumat verir.

Ötən ilin birinci rübündə neft hasilatı sutkada 484 min barelə bərabər idi. Beləliklə, AÇG üzrə hasilat 10,3 faiz azalıb.

"2022-ci ilin ilk üç ayında AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam etmişdir. Rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (25 000), Mərkəzi Azəri (106 000), Qərbi Azəri (112 000), Şərqi Azəri (70 000), Dərinsulu Günəşli (79 000) və Qərbi Çıraq (42 000) platformalarından birlikdə – gündə orta hesabla 434 000 barel və ya ümumilikdə təxminən 39 milyon barel, yəni 5 milyon ton olub", - hesabatda deyilir.

Rübün sonunda AÇG-də ümumilikdə 137 neft hasilat quyusu, 37 su injektor quyusu və 8 qaz injektor quyusu istismarda olub. Birinci rüb ərzində AÇG-də 3 neft hasilatı quyusu tamamlanıb.

Qeyd edək ki, AÇG-də iştirak payları aşağdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş (2,31%)

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti