Bakı. Trend:
Amerika Neft İnstitutunun (API) ABŞ-də neft xammalının həftəlik ehtiyatlarının gözlənilmədən azalması ilə bağlı məlumatları dərc olunduqdan sonra çərşənbə günü səhər dünyada neft qiymətlərində 1% artım müşahidə olunur.
Trend xəbər verir ki, sövdələşmə məlumatları bunu təsdiqləyir.
Brent markalı neftin iyul fyuçerslərinin qiyməti 1,03% artaraq bir bareli 77,63 dollara, WTI markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,18% artaraq bir bareli 73,77 dollara çatıb.
Bir neçə saat bundan əvvəl API ABŞ-də neftin kommersiya ehtiyatlarına dair qiymətləndirməsini dərc edib: 19 mayla bitən həftə ərzində göstərici 6,8 milyon barel azalıb, halbuki 0,5 milyon artım proqnozlaşdırılırdı.
Rəsmi statistika ölkənin energetika nazirliyi tərəfindən axşam dərc olunacaq. Analitiklər artıq ehtiyatların rəsmi azalmasını proqnozlaşdırırlar, lakin hələlik bu azalmanın yalnız 0,9 milyon barel olmasını gözləyirlər.
İnvestorlar həmçinin Səudiyyə Ərəbistanının şahzadəsi Əbdüləziz bin Salmanın ötən gün Qətər İqtisadi Forumundakı bəyanatına da diqqət yetirirlər. Belə ki, şahzadə OPEC+ iclası ərəfəsində neft bazarındakı spekulyantlara "ehtiyatlı" olmağı məsləhət görüb.
OPEC+ ölkələri gələcək tədbirləri barədə qərar qəbul etmək üçün iyunun 4-də Vyanada görüşəcəklər.