Bakı. Trend:
2023-cü ilin sentyabr ayında Yunanıstan Azərbaycandan 157,3 milyon kubmetr təbii qaz idxal edib, avqust ayında isə bu göstərici 162,8 milyon kubmetr olub.
Bu barədə Trend-ə Avropa İttifaqının Statistika İdarəsi olan Eurostat-dan bildiriblər.
Bu, öncəki ayla müqayisədə idxal həcminin 3,4 faiz azalması deməkdir.
Ümumilikdə 2023-cü ilin doqquz ayı ərzində Azərbaycandan Yunanıstana qaz ixracı 1,5 milyard kubmetri keçməklə ümumi dəyəri 686,8 milyon avro olub.
Sentyabr ayında Yunanıstan Azərbaycandan qaz idxalına 55,2 milyon avro sərf edib. Avqust ayında isə bu göstərici 52,1 milyon avro olub, bu isə 5,9 faiz artım deməkdir.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya nəqli 2020-ci il dekabrın 31-də başlayıb. Dəhliz vasitəsilə qaz Xəzər regionundan Gürcüstan və Türkiyə vasitəsilə Avropa ölkələrinə nəql olunur.
Layihənin dəyəri 33 milyard dollar olub. CQD layihəsinə çəkilən əsaslı xərclərinin əvəzinin 8-10 il ərzində tam çıxarılacağı gözlənilir.
2022-ci ilin iyul ayında Azərbaycan və Aİ Cənub Qaz Dəhlizi ilə tədarüklərin həcmini hazırki 10 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrədək artırmaq barədə razılığa gəliblər.
X: @Lyaman_Zeyn
(Tərcümə: Rəna Əbdürəhmanova)