Bakı. Trend:
“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyətinin qaz nəqlindən əldə etdiyi EBITDA (faiz, vergi, amortizasiya və itkilərdən əvvəlki mənfəət) mənfəətinin sabit qalacağı gözlənilir.
Bu barədə Trend agentliyə istinadən xəbər verir.
“Holdingin qaz nəqli seqmenti gəlirlərin yüksək proqnozlaşdırıla bilməsi ilə seçilir, çünki bu gəlirlər qiymət indeksasiyası mexanizmlərinə malik uzunmüddətli nəql sazişləri ilə təmin olunur. TANAP və TAP üzrə qaz tədarükləri ‘ship-or-pay’ prinsipi ilə həyata keçirilir ki, bu da həcmlərin dəyişməsi riskini demək olar ki, aradan qaldırır. Biz hesab edirik ki, qaz nəqli üzrə EBITDA həcmi mütləq ifadədə sabit qalacaq və ümumi EBITDA-da payı tədricən artaraq 2027-ci ildə təxminən 80 faizə çatacaq, halbuki bu göstərici 2024-cü ildə təxminən 60 faiz idi,” – deyə Fitch-in hesabatında bildirilir.
Eyni zamanda “Cənub Qaz Dəhlizi” QSC-nin upstream-seqmenti “Şahdəniz” yatağının təbii ehtiyatlarının tükənməsi fonunda hasilatın tədricən azalması səbəbindən təzyiq altında qalır. Bundan başqa, bu seqment qaz və neft qiymətlərindən asılıdır, belə ki, qazın müqavilə həcmlərinin əhəmiyyətli hissəsi xammal bazarlarının kotirovkalarına bağlıdır.
“Biz proqnozlaşdırırıq ki, upstream-seqment üzrə EBITDA 2025–2028-ci illərdə tədricən azalacaq və ümumi EBITDA-dakı payı 2024-cü ildəki təxminən 40 faizlə müqayisədə daha da enəcək. Bu, hasilatın gözlənilən azalması və Fitch-in Brent və TTF qiymətlərinin düşməsi ilə bağlı proqnozu ilə əlaqədardır,” – deyə agentlik mütəxəssisləri bildiriblər.
