Bakı. Trend:
“Cənub Qaz Dəhlizi” QSC-nin əsas kapital xərcləri 2025–2028-ci illər ərzində orta hesabla ildə 0,2 milyard dollar təşkil edəcək.
Trend bu barədə “Fitch Ratings”ə istinadən xəbər verir.
Reytinq agentliyi həmin dövr ərzində şirkətin qaz nəqli üzrə gəlirlərinin illik təxminən 1,5 milyard dollar səviyyəsində sabit qalacağını gözləyir.
“31 avqust 2025-ci ilə olan vəziyyətə görə, "Cənub Qaz Dəhlizi" QSC-nin 2,3 milyard dollar nağd vəsaiti və depozitləri, həmçinin “SOCAR Capital” ilə xəzinədarlıq sazişi çərçivəsində 1,5 milyard dollar vəsaiti var. 2 milyard dollarlıq avroistiqrazların ödənişi 2026-cı ilin martında həyata keçirilir. Biz QSC-nin həmin ödənişi mövcud vəsaitlər hesabına yerinə yetirəcəyini gözləyirik. 2025–2028-ci illərdəki ödənişlərə bank kreditləri üzrə ildə təxminən 0,12 milyard dollar həcmində mülayim amortizasiya ödənişləri daxildir. Biz QSC-nin 2025–2028-ci illərdə dividendlərin ödənilməsinədək müsbət sərbəst pul axını formalaşdıracağını gözləyirik”, – deyə “Fitch”in hesabatında qeyd olunur.
Agentlik həmçinin vurğulayıb ki, QSC “Cənub Qaz Dəhlizi”nin borcuna 2 milyard dollarlıq avroistiqraz, həmçinin beynəlxalq maliyyə institutları tərəfindən təqdim edilmiş və 2032–2046-cı illərdə ödənilməsi nəzərdə tutulan 1,5 milyard dollar həcmində kreditlər daxildir. Bu qurumlara Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı daxildir.
