Bakı. Trend:
Energetika Nazirliyinin Kollegiyasının 29 may 2024-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları"na dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı energetika naziri Pərviz Şahbazov müvafiq qərar imzalayıb.
Qərara əsasən, elektrik avadanlıqlarının sınağının aparılmasına buraxılan şəxslərin biliklərinin yoxlanılması məqsədilə yaradılan komissiyanın tərkibi dəqiqləşdirilib.
Qərara əsasən, "Elektrik qurğularının texniki istismar Qaydaları"na uyğun olaraq formalaşdırılan komissiyaya gərginliyi 1000 V-dan yuxarı olan elektrik qurğuları üzrə elektrik təhlükəsizliyi sahəsində V qrupdan aşağı olmayan, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üzrə isə IV qrupdan aşağı olmayan mütəxəssislər cəlb olunacaq.
Buna qədər isə gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün elektrik təhlükəsizliyi üzrə V qrupdan aşağı, gərginliyi 1000 V-dək olan elektrik qurğuları üçün isə IV qrupdan aşağı ixtisasa malik mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulurdu.
Bu dəyişikliklər Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydaları”nın 44.1-ci bəndində “1000 kV-dək” sözləri “1000 V-dək” sözləri ilə, “aşağı qrupa” sözləri “aşağı olmayan qrupa” sözləri ilə əvəz edilməsi nəticəsində olub.
