...

Azad edilmiş ərazilərdə quraşdırılmış LED əsaslı işıqlandırma qurğusunun sayı açıqlanıb

Energetika Materials 8 Yanvar 2026 10:27 (UTC +04:00)
Azad edilmiş ərazilərdə quraşdırılmış LED əsaslı işıqlandırma qurğusunun sayı açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 7000-dən artıq LED əsaslı işıqlandırma qurğusu quraşdırılıb. Bunların təqribən 40 faizi, yəni 3 000 ədədi günəş enerjisi ilə işləyən hibrid sistemlərdir. Bərpa və yenidənqurma işlərinin mərhələli şəkildə davam etdirilməsi fonunda bu göstəricilərin növbəti illərdə daha da artacağı gözlənilir.

Bunu Trend-ə açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Cəbrayıl Əliyev deyib.

O xatırladıb ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər “Yaşıl Enerji Zonası” elan edilmişdir: “Bu məqsədlə 3 may 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində Yaşıl Enerji Zonası yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalanmışdır.

Sözügedən Sərəncamdan irəli gələrək, işğaldan azad olunmuş ərazilərdə yaşıl enerji zonasının formalaşdırılması məqsədilə beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması ilə konseptual yanaşma hazırlanmışdır. Bu konsepsiyanın əsas məqsədi enerji səmərəli texnologiyaların tətbiqi, bərpa olunan enerji mənbələrindən geniş istifadə olunması, karbon emissiyalarının azaldılması, eləcə də ağıllı şəhər, kənd və qəsəbə modellərinin formalaşdırılmasıdır”.

C. Əliyev vurğulayıb ki, bu çərçivədə LED əsaslı işıqlandırma texnologiyaları müasir şəhərsalma və yaşayış məntəqələrinin infrastrukturunun ayrılmaz tərkib hissəsinə çevrilmişdir: “LED texnologiyaları ənənəvi işıqlandırma sistemləri ilə müqayisədə daha az enerji sərfiyyatı, uzun istismar müddəti və aşağı texniki xidmət xərcləri ilə seçilir ki, bu da yaşıl enerji zonalarının dayanıqlı inkişafını təmin edən əsas amillərdən biridir.

Beynəlxalq təcrübəyə əsasən, kənd yaşayış məntəqələrində küçə işıqlandırması ümumi elektrik enerjisi istehlakının təxminən 2–5 faizini təşkil edir. Son illərdə bir sıra ölkələrdə LED və günəş enerjisi əsaslı işıqlandırma sistemlərinə keçid nəticəsində bu göstərici 1–2 faizə qədər azalmışdır”.

Şöbə müdiri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri çərçivəsində LED əsaslı və günəş enerjisi ilə çalışan hibrid işıqlandırma sistemlərinin tətbiqi geniş vüsət alıb.

“Ağdam, Füzuli, Cəbrayıl, Şuşa, Xocalı, Laçın və digər şəhər və rayonlarda yeni salınan küçə və avtomobil yollarının işıqlandırılmasında əsasən LED texnologiyalarından istifadə olunur. Bir sıra yaşayış məntəqələrində monokristal günəş panelləri ilə təchiz edilmiş, avtonom rejimdə çalışan işıq dirəkləri quraşdırılmışdır ki, bu da mərkəzləşdirilmiş elektrik şəbəkəsindən asılılığın minimuma endirilməsinə imkan yaradır”,- deyə C. Əliyev fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti