...

BP şirkəti Cənubi Qafqaz qaz kəmərində yoxlanış və istismar sınaqlarına başlayıb

Energetika Materials 1 İyun 2006 16:44 (UTC +04:00)

BP Cənubi Qafqaz Boru Kəməri (CQBK) qaz ixracı layihəsinin texniki operatoru olaraq Səngəçal terminalında yeni qaz ixracı sistemini qaz ilə doldurmaqla onun yoxlanılmasına və istismar sınaqlarına başlayıb. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, şirkətdən xəbər verilib. Bundan əvvəl isə boru kəmərinin tikintisi və hidro sınaqlar başa çatıb. İlk qaz bu ilin sentyabır sonunda göndəriləcək.

Səngəçal terminalından CQBK-yə mayın 21-də istismar sınağı üçün daxil edilmiş qaz Gürcüstan sərhədini mayın 28-də keçib və hazırda Qardabani yaxınlığında Gürcüstanın ölkədaxili qaz təhvili məntəqəsi olan 72-ci sahəyə çatıb.

Hazırda obyektlərin və avadanlığın təzyiq və istismar sınaqları davam edir. CQBK-nin Gürcüstan-Türkiyə sərhədinə qədər qalan hissəsinin istismar sınaqları avqust ayında, qazın Səngəçal terminalının texnoloji emal qurğularına və Şahdəniz qaz hasilatı platformasına qədər çəkilmiş sualtı boru kəmərlərinə vurulmasından sonra başlayacaq.

Şahdəniz platformasından Səngəçal terminalınadək və oradan da Gürcüstan-Türkiyə sərhədinə qədər bütövlüklə Şahdəniz/CQBK qaz ixracı sisteminin istismar sınaqları üçün təxminən 0,1 milyard kubmetr qaz tələb olunacaq. Xəttin istismar sınaqları üçün istifadə olunan qaz Azəri-Çıraq-Günəşli yatağından gələn və ARDNŞ-yə məxsus səmt qazıdır

CQBK layihəsi Gürcüstandan keçməklə Azərbaycandan Türkiyə sərhədinə qədər yeni bir qaz ixracı sistemini əhatə edir. Bu, uzunluğu 690 km-dən artıq olan (Azərbaycanda 442 km və Gürcüstanda 248 km) bir boru kəməridir. Bu kəmər ətraf mühitə və sosial sahəyə təsirlərin minimuma endirilməsi məqsədilə BTC neft ixracı kəməri ilə birlikdə və eyni tikinti dəhlizində inşa olunub. Boru kəmərinin diametri 42 düymdur və son ötürücülük gücü gələcəkdə kompressor stansiyalarının əlavə olunması ilə ildə 20 milyard kubmetr olacaq. Əsas xəttin tikintisi işləri 2004-cü ilin sonlarında başlayıb və 2006-cı ilin mayında başa çatıb.

Yüksək səviyyəli mühafizənin təmin olunması və kəmərin ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün CQBK-nin tikintisinə müxtəlif dizayn və təhlükəsizlik texnikası xüsusiyyətləri daxil edilibr. Bundan əlavə, boru kəmərinin texniki təhlükəsizliyini, mühafizəsini və bütövlüyünü təmin etmək üçün həm hökumət, həm də CQBK istismar işçiləri heyəti tərəfindən müntəzəm təhlükəsizlik patrulu xidməti aparılacaq, CQBK boru kəmərinin texniki mütəxəssisləri tez-tez texniki xidmət yoxlamaları həyata keçirəcək.

Cənubi Qafqaz Boru Kəməri Şirkətinin sərmayədarları bunlardır: BP (texniki operator -25,5%), Statoyl (25,5%), Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ - 10%), LUKoyl (10%), NİKO (10%), Total (10%), TPAO (9%). Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi maliyyələşdirmədən azad səhmdardır.

Ümumilikdə layihəyə təxminən 1,3 mlrd. dollardır. Bu yatırım CQBK şirkəti tərəfindən həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti