...

OMV şirkətinin direktoru: Azərbaycan qazının Avropaya nəqli – NABUCCO üçün prioritet məsələdir

Energetika Materials 25 Yanvar 2007 13:57 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev Avstriyanın "OMI" neft şirkətinin baş icraçı direktoru Volfhanq Ruttenştorfermin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

V.Ruttenştorfer bildirib ki , OMV NABUCCO layihəsinin reallaşdırılmasında əsas tərəfdaşlardan biridir.

O qeyd edib ki, son vaxtlar Avropanın qaza olan tələbatı artıb və bu tələbatın ödənilməsi məqsədilə NABUCCO layihəsinə ciddi önəm verilir.

"Şübhə yoxdur ki, Azərbaycan gələcəkdə Xəzər hövzəsinin neft və qaz ehtiyatlarının NABUCCO kəməri ilə Avropaya nəql edilməsində həm iştirakçı, həm də tranzit ölkə kimi böyük rol oynaya bilər. Azərbaycandan qazın Avropaya nəqli NABUCCO üçün prioritet məsələdir", - deyə V.Ruttenştorfer bildirib.

Görüş zamanı şirkət nümayəndələri ilə NABUCCO layihəsinin təqdimatı keçirilib.

ARDNŞ prezidenti R.Abdullayev qeyd edib ki, Azərbaycan hasil etdiyi karbohidrogen resurslarının Avropaya ixrac edilməsində maraqlıdır, bu məqsədlə də Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz boru kəməri inşa edilib.

Dövlət neft şirkətinin başçısı bildirib ki, Azərbaycanın təbii qaz ehtiyatları "Şahdəniz" yatağı ilə məhdudlaşmır. Geoloq və geofiziklər digər perspektiv strukturlarda da zəngin qaz ehtiyatlarının olduğunu proqnozlaşdırırlar.

Görüşdə həmçinin Azərbaycan qazının Avropaya tədarükü məsələsi, neft tədarükçüsü - ARDNŞ-in və neft məhsullarının marketinqində zəngin təcrübəyə malik OMV şirkətinin üçüncü ölkələrdə neft emalı üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti