Azərbaycan, Bakı /müx. Trend S.Əliyev/Kommersiya tələbatı olmadığından "Şahdəniz"dəki quyulardan qaz hasilatı xeyli məhdudlaşdırılıb. Hazırda yataqda üç quyudan ikisi istismar olunur. Bu qaz tələbatına ehtiyacın azalmasından irəli gəlir. Bu barədə çərşənbə günü Nazirlər Kabinetindən məlumat veriblər.
Azərbaycan hazırda 5 mln. kubmetr həcmində qaz alır. Bu qaz yeraltı anbarlara doldurulur.
Gürcüstana sutkada 1 mln. kubmetr qaz ötürülür. Bu qazın bir kubmetrinin qiyməti 63 dollar təşkil edir. Türkiyə hələlik Cənubi-Qafqaz boru kəməri ilə qaz almır.
Hazırda "Şahdəniz" yatağında istismar üçün üç quyu hazırdır. Türkiyə qazı qəbul etməyə başlayandan sonra üç quyunun sutkalıq hasilat gücü 15 mln. kubmetr təşkil edəcək.
"Şahdəniz"in işlənilməsi layihəsinin "Mərhələ-1" çərçivəsində plato mərhələsində ildə 8,6 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir. Bu il yataqdan 5,7 mlrd. kubmetr qaz çıxarılacaq. Bu həcmin 2,7 mlrd. kubmetrini Azərbaycan alacaq.
"Şahdəniz" yatağının işlənilməsinə dair saziş 1996-cı il iyunun 4-də imzalanıb. Saziş iştirakçıları aşağıdakılardır: "BP" (operator) - 25,5 faiz, "Statoil" - 25,5 faiz, "NICO" - 10 faiz, "Total" - 10 faiz, "LukAgip" - 10 faiz, "TPAO" - 9 faiz və ARDNŞ - 10 faiz.