Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ "Azərenerji" Səhmdar Cəmiyyəti Əli Bayramlı İES-in əvəzinə tikiləcək yeni elektrik stansiyasının yerini müəyyənləşdirir. Bu barədə SC-nin vitse prezidenti Marlen Əsgərov məlumat verib. Onun sözlərinə görə, köhnə stansiya öz resurslarını tamamilə tükədib və modernizasiyaya yaramır. Köhnə elektrik stansiyası ilə yanaşı yenisi tikiləcək.
Daha öncə "Azərenerji" SC yekdilliklə yeni Əli Bayramlı İES-in tikintisi layihəsini qəbul edib. Stansiyanın gücü 800 MVt olacaq. Hazırda stansiyada istehsal yalnız bir həftə bu güclə işləyə bilər, bundan sonra isə avadanlıqların köhnə olması səbəbindən bu göstərici əhəmiyyətli dərəcədə azalır.
40 ildən çoxdur istismara verilən bu stansiyanın layihə gücü 1000 MVt-dır.
Hazırda stansiyada ölkənin elektrik enerjisinin 20 faizi istehsal olunur, lakin stansiya istismar dövrünü başa vurduğuna görə, onun texniki iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə aşağı düşüb. Burada 1 kVt-saat elektrik enerjisinin istehsalı üçün 2460 qram yanacaq tələb olunur ki, bu da kifayət qədər yüksək göstəricidir.
"Azərenerji" SC həmçinin bu stansiyada quraşdırılacaq qurğuların da növünü müəyyənləşdirib. Bu mazut və qazla işləyəcək avadanlıqlar olacaq. Hazırda isə bu cür avadanlığa malik olan şirkətlərlə danışıqlar aparılır. Bu istiqamətdə danışıqlar başa çatdırıldıqdan sonra SC maliyyə mənbələrini müəyyənləşdirəcək.
Hazırda Azərbaycanda elektrik enerjisi istehsalı 5500 MVt-dır. Dörd il ərzində isə bu göstəricinin 10000 MVt-a çatdırılması nəzərdə tutulur ki, bu da Azərbaycana nəinki özünü təmin etməyə, həmçinin elektrik enerjisini ixrac etməyə imkan verəcək.