Qazaxstan, Astana /müx. Trend K.Konırova/ İtaliyanın "ENİ"şirkəti PSA tipli müqavilənin İdarə Komitəsinin yığıncağında "Kaşaqan" yatağının mənimsənilməsi planına və büdcəsinə 3-cü düzəlişləri müzakirə edib.
Qazaxıstanın energetika və mineral resurslar naziri Bakıtoja İzmuxambetovun verdiyi məlumata görə, 3 nömrəli düzəlişə proqnozlaşdırılan xərclərin artırılması, neftin hasilatı cədvəlinin növbəti dəfə dəyişdirilməsi, hasilatın maksimal sabit səviyyəsinin artırılması və dəniz obyektlərində istehsalat proseslərinin optimallaşdırılması daxildir.
"Təsəvvür edin ki, bu nəhəng layihənin mənimsənilməsinə başlanılsa, gün ərzində 1,2-1,5 mln. barrel neft, il ərzində isə 70 mln. ton neft hasil olunacaq. Bu halda həm görüləcək işlərin, həm də insanların maksimal təhlükəsizliyini təmin etmək lazımdır" - deyə nazir bildirib.
Onun sözlərinə görə, bununla əlaqədar "Kaşaqan" yatağında neft hasilatının tarixi 2008-ci ildən 2010-cu ilin ikinci yarısına keçirilib.
"Hazırda "KazMunayQaz" layihənin yeni parametrlərinin respublikanın iqtisadi maraqlarına təsirini qiymətləndirir. Cərimənin nə qədər olacağını demək tezdir, biz hesablamalara yenicə başlamışıq" - deyə İzmuxambetov bildirib.
"Kaşaqan" yatağında hasil olunacaq neftin bir hissəsi "Bakı-Tbilisi-Ceyhan" kəməri vasitəsilə nəql olunacaq.