...

Azərbaycanla Yunanıstan qaz sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar

Energetika Materials 2 Avqust 2007 13:03 (UTC +04:00)
Azərbaycanla Yunanıstan qaz sahəsində əməkdaşlığa dair Memorandum imzaladılar

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Cümə axşamı Bakıda Azərbaycanla Yunanıstan arasında neft və qaz sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənədi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev və Yunanıstanın inkişaf naziri Dimitris Sioufas imzalayıblar.

Babayev bildirib ki, bu, Azərbaycanın Avropa ölkəsi ilə neft-qaz sahəsində əməkdaşlığa dair imzaladığı ilk sənəddir. Gələcəkdə isə üçtərəfli Memorandum imzalanması planlaşdırılır. Bu sənəd əsasında Avropaya qaz nəqli həyata keçiriləcək.

"Memorandum dördtərəfli sənədin tərkib hissəsidir. Burada Yunanıstan və Azərbaycanla yanaşı İtaliya ilə Türkiyə iştirak edir" - deyə o bildirib.

Sənəddə qeyd olunub ki, gələcəkdə qazın Yunanıstana nəqli və bu ölkə vasitəsilə digər Avropa ölkələrinə ötürülməsi nəzərdə tutulur. Bundan əlavə sənəddə neft sahəsi, neft və qaz ehtiyatlarının kəşfiyyatında əməkdaşlığın mümkünlüyü vurğulanıb.

Azərbaycan qazını "Şahdəniz"dən Türkiyə vasitəsilə Yunanıstan və İtaliyaya nəql edəcək boru kəmərinin istismara verilməsi sentyabrın 15-nə planlaşdırılır.

İyulun 26-da İtaliya, Türkiyə və Yunanıstan saziş imzalayıblar. Həmin sazişə görə, boru xəttin Türkiyə ilə Yunanıstanı birləşdirən hissəsi avqustun sonunda fəaliyyətə başlamalıdır. İtaliya ilə Yunanıstan arasındakı hissənin istismara verilməsi isə 2008-ci ildə nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti