...

Azərbaycanın bugünkü vəzifəsi "yaşıl" texnologiyalar hesabına məhsul çeşidini genişləndirməkdir - Rəna Hümbətova

Yaşıl iqtisadiyyat Materials 2 Oktyabr 2024 13:08 (UTC +04:00)
Azərbaycanın bugünkü vəzifəsi "yaşıl" texnologiyalar hesabına məhsul çeşidini genişləndirməkdir - Rəna Hümbətova
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan üçün əsas vəzifə "yaşıl" texnologiyalar hesabına məhsul çeşidini genişləndirmək və "yaşıl" ammonyak və karbamid istehsalı kimi sahələrin inkişafı üçün yeni investisiyalar cəlb etməkdir.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransının 3-cü günündə "Neft-qaz sektorunda ədalətli keçidin təmin olunması" adlı panel müzakirədə deyib.

Onun sözlərinə görə, bu gün iqlim dəyişikliyi və qlobal istiləşmə çağırışları daha da aktual olduğu vaxtda yalnız nəticələr haqqında düşünmək deyil, həm də yeni enerji reallığına ədalətli keçid haqqında düşünmək vacibdir.

"Azərbaycanın neft-qaz sənayesinin ənənəvi olaraq əhəmiyyətli yer tutduğu bir məkanda, belə bir keçid xüsusi əhəmiyyət kəsb edir və düşünülmüş yanaşma tələb edir. Bir tərəfdən, neft-qaz sektorunu inkişaf etdirmək, digər tərəfdən, onun karbon izini azaltmaq lazımdır. Bu kontekstdə sənayenin modernizasiyası üçün 2 əsas istiqamət açılır.

Birinci istiqamət, neft və qazın çıxarılması və emalı prosesi zamanı karbon emissiyalarının azaldılmasıdır. Burada həm resursların idarə edilməsi, həm də enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin istifadəsi nəzərə alınmalıdır. Bu tapşırıqların həyata keçirilməsi üçün neft-qaz bazarının əsas oyunçuları ilə strateji razılaşmalar və investisiya müqavilələri bağlanıb", - o vurğulayıb.

Rəna Hümbətova bp ilə birlikdə Cəbrayıl rayonunda tikintisi planlaşdırılan 240 meqavatt gücündə günəş elektrik stansiyasını nümunə göstərib.

"Bu layihə Səngəçal terminalından karbon emissiyalarını kompensasiya etməyə imkan verəcək və dekarbonizasiya yolunda vacib bir addım olacaq. Lakin ekoloji problemlərin həlli yalnız texnoloji dəyişiklikləri deyil, həm də istixana qazlarının emissiyalarının idarə edilməsi və enerji səmərəliliyi sahəsində peşəkar biliklərə malik yüksək ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bu baxımdan, ISO 14064 kimi beynəlxalq sertifikasiyalı mütəxəssislərin cəlb edilməsi, eləcə də, bioyanacaq və hidrogen energetikası sahəsində ekspertlərin cəlb edilməsi son dərəcə vacibdir. Onlar yalnız neft-qaz sənayesində enerji istehlakını necə azaltmağı deyil, həm də "yaşıl" məhsulların istehsalı üçün yeni həllər və texnologiyaların hazırlanmasında aktiv iştirak etməlidirlər", - o qeyd edib.

R.Hümbətova bildirib ki, ikinci istiqamət, neft-qaz şirkətlərinin şaxələndirilməsi və onların ənənəvi enerji növləri ilə yanaşı, bioyanacaq, hidrogen və ekoloji cəhətdən təmiz elektrik istehsalı ilə məşğul olan çoxenergetik korporasiyalara keçididir.

"Azərbaycanda artıq etanol və karbamid zavodları, həmçinin, polietilen və etilen istehsalı müəssisələri mövcuddur. Bu günün tapşırığı "yaşıl" texnologiyalar hesabına məhsul çeşidini genişləndirmək və "yaşıl" ammonyak və karbamid istehsalı kimi istiqamətlərin inkişafı üçün yeni investisiyaları cəlb etməkdir. Bu prosesdə agentlik elm və sənaye arasında mühüm bir əlaqə rolunu oynayır. Biz universitetlər və tədqiqat institutları ilə aktiv əməkdaşlıq edirik, qarşılıqlı anlaşma memorandumları imzalayırıq, Böyük Britaniya universitetləri ilə birgə təhsil proqramları həyata keçiririk və peşə-texniki müəssisələr üçün yeni tədris kursları hazırlayırıq", - o bildirib.

Onun sözlərinə görə, hidrogen energetikası sahəsində mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetirilir.

"Bu istiqamət bizim COP29 sammitində təqdim edəcəyimiz yeni inkişaf strategiyasının açar elementi olacaq. Bu strategiyanın əsas diqqəti təhsilə və kadr hazırlığına yönələcək ki, bu da Azərbaycanın yalnız qabaqcıl texnologiyaları tətbiq etməsinə deyil, həm də davamlı inkişaf yolunda regionda lider mövqeləri tutmasına imkan verəcək", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti