...

OPEC-in baş katibi üzv ölkələrin iqlim dəyişikliyi ilə bağlı səylərindən danışıb (ÖZƏL)

Yaşıl iqtisadiyyat Materials 18 Oktyabr 2024 09:56 (UTC +04:00)
OPEC-in baş katibi üzv ölkələrin iqlim dəyişikliyi ilə bağlı səylərindən danışıb (ÖZƏL)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Davamlı inkişaf və iqlim dəyişikliyinin həlli zərurəti arasında tarazlıq mühüm məsələdir və OPEC-ə üzv ölkələr bunu nəzərə alır.

Bunu Trend-ə özəl müsahibəsində OPE-in baş katibi Heysəm əl-Qays deyib.

"Biz enerji təhlükəsizliyini, enerjinin əlçatanlığını təmin etməyə və emissiyaları azaltmağa kömək edə biləcək bütün enerji növlərini və bütün texnologiyaları təşviq etməliyik. Bu baxımdan, xatırlamalıyıq ki, neft sənayesi, bərpa olunan enerji və emissiyaların azaldılması səyləri bir çox insanın düşündüyü qədər ziddiyyətli deyil.

Reallıq ondan ibarətdir ki, karbohidrogenlər həm də bərpa olunan infrastrukturun inkişafı üçün lazım olan nəqliyyat və tikinti sənayesini yanacaqla təmin edir. Məsələn, ölçüdən asılı olaraq, külək turbinləri sürət qutularının, diyircəkli yastıqların, hidravlik sistemlərin və transformatorların fasiləsiz işləməsini təmin etmək üçün 200 ilə 1400 litr arasında sürtkü yağları tələb edir, eyni zamanda, turbinlərin özlərini suya davamlı etmək üçün etilenlə istehsal olunan qatranlara ehtiyac var. Neft-kimya əsaslı məhsullar olmadan günəş panellərinin kütləvi istehsalı da qeyri-mümkün olardı", - deyə o bildirib.

Heysəm əl-Qays qeyd edib ki, bundan əlavə, neft və onun törəmələri bir çox ölkələr üçün mühüm maliyyə dəstəyi verir, onların bir çoxu hökumət büdcələrini maliyyələşdirmək, iqtisadi fəaliyyətə dəstək olmaq, iqtisadiyyatı şaxələndirmək və keçidin hər hansı potensial mənfi sosial-iqtisadi nəticələrini yumşaltmaq üçün neft sənayesindən əldə olunan gəlirlərə əsaslanır:

"Məhz buna görə OPEC ölkələri həm karbohidrogenlərə, həm də bərpa olunan mənbələrə sərmayə qoyur, eyni zamanda, bu ölkələr, eləcə də, bütövlükdə neft sənayesi əməliyyat səmərəliliyi və qabaqcıl texnologiyalar vasitəsilə emissiyaları azaltmaq üçün fəal işləyirlər.

Buraya mədənçıxarma və emal proseslərinin optimallaşdırılması, o cümlədən, kollektorun idarə olunmasının üstün təcrübələri, eləcə də, məşəldə yandırma və metan sızmalarının azaldılmasında iştirak daxildir ki, buna COP28-də 50-yə yaxın əsas neft və qaz istehsalçısının 2030-cu ilə qədər metan emissiyalarını, demək olar ki, sıfıra endirmək barədə razılaşması sübutdur.

Sənaye, həmçinin, karbon tutma, utilizasiya və saxlama sahələrini genişləndirir və təmiz hidrogen, birbaşa havanın tutulması, karbon qazının çıxarılması texnologiyalarını inkişaf etdirir. Bunların hamısı dairəvi karbon iqtisadiyyatı konsepsiyası çərçivəsində həyata keçirilir".

O, OPEC-in Beynəlxalq İnkişaf Fondunun gördüyü mühüm işləri qeyd etməyin vacib olduğunu vurğulayıb:

"OPEC Fondu 1976-cı ildə OPEC-ə üzv ölkələr tərəfindən aydın bir məqsədlə yaradılıb: inkişafı stimullaşdırmaq, icmaları gücləndirmək və insanların səlahiyyətlərini artırmaq. O, qida, enerji, infrastruktur, məşğulluq, təmiz su və sanitariya, səhiyyə və təhsil kimi əsas davamlı inkişaf ehtiyaclarına cavab verən layihələrin maliyyələşdirilməsinə diqqət yetirir. Bu günə qədər OPEC Fondu 125-dən çox ölkədə inkişaf layihələrinə təxminən 27 milyard ABŞ dolları ayırıb".

X: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti