Bakı. Trend:
Rusiya “yaşıl keçid” üçün çox böyük işlər görüb.
Trend xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XXI illik iclasının 10-cu sessiyası çərçivəsində "Yaşayış mühit: hər kəsin özünün, hamının ortaq" mövzusunda panel müzakirələr zamanı bildirib.
"O cümlədən, iqlim dəyişikliyi, bioloji müxtəlifliyin itirilməsi və ətraf mühitin çirklənməsi ilə bağlı "üçlü böhran" mövzusu cəmiyyətdə aktiv müzakirə olunur. İqlim məsələlərinə gəlincə, indi iqlim və təbii mühafizə məsələləri müzakirə etdiyimiz platformalar, demək olar ki, özü iqlimdən və ekoloji mühafizədən çox uzaqlaşıb. Bunlar, əsasən, transformasiya, "yaşıl" keçid, karbon azaldılması və ümumilikdə artıq iqtisadiyyat və texnologiyalardır", – o qeyd edib.
Ruslan Edelgeriyev bildirib ki, ümumilikdə görülən işlər çətin olsa da, hələ də hər şey tamamlanmayıb.
"Biz həm uyğunlaşma planlarını, həm də strategiyaları qəbul etdik, lakin hələ də bu strategiyanın icrası üçün plan yoxdur. Birbaşa transformasiya mexanizmlərinə və dəyişikliklərə gəldikdə isə hesab edirəm ki, indi məhsulun karbonluğunun hesablanması aktiv şəkildə aparılacaq və burada təkcə "yaşıl" keçidi tənqid etmək yerinə, trendləri nəzərə almaq lazımdır", – o əlavə edib.
Qeyd edək ki, 4 noyabrda Rusiyanın Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XXI illik iclası işə başlayıb. 2024-cü ilin görüş mövzusu: “Dayanıqlı sülh – hansı əsasda? XXI əsrdə ümumi təhlükəsizlik və bərabər inkişaf imkanları”dır.