...

TeliaSonera AB şirkəti özünün Özbəkistandakı törəmə şirkətinin rebrendinqini aparır

Telekommunikasiya Materials 16 İyun 2008 15:13 (UTC +04:00)

Özbəkistan, Daşkənd, 16 iyun/ Trend müxbir T.Jukov/ Skandinaviyanın telekommunikasiya şirkəti TeliaSonera AB özünün Özbəkistandakı törəmə mobil şirkəti Coscom-un rebrendinqini aparır. Mobil operatorun baş ofisindən Trend -a bildiriblər ki, Coscom ticarət markası Ucell-ə dəyişdiriləcək.

Rəsmi məlumata əsasən, operatorun adının dəyişdirilməsi TeliaSonera-nın MDB-dəki digər törəmə şirkətləri ilə analogiya üzrə unifikasiya edilmiş brendə keçidlə əlaqədardır: Azərbaycanda AzerCell, Gürcüstanda Geocell, Qazaxıstanda K'Cell, Moldovada Moldcell. Şirkətin rebrendinqini iyunun sonuna başa çatdırmaq planlaşdırılır. Şirkətdən geniş reklam kampaniyasının keçirilməsi üçün TeliaSonera AB-nin nə qədər məbləğ ayırdığını açıqlamaqdan imtina ediblər.

Coscom şirkəti 27 milyonluq Özbəkistanda böyüklüyünə görə üçüncü GSM-operatordur. Operator eyniadlı brendlə 11 ildən çox işləyib. 2007-ci ilin iyulunda TeliaSonera Amerikanın MCT Corp. şirkəti üçün $292 mln. ödəyərək Coscom-u alıb. Böyüklüyünə görə Özbəkistanın üçüncü mobil operatoru MCT Corp-un aktivləri sırasına daxil olub. Skandinaviya şirkəti Özbəkistanın mobil rabitə operatorundan əlavə iki tacik və bir əfqan GSM operatorunun nəzarət paketlərini alıb. Saziş TeliaSonera AB-nin Türkiyədəki törəmə şirkəti - Fintur Holdings B.V. şirkətinin vasitəsilə həyata keçirilib.

2007-ci ilin sentyabrında TeliaSonera AB bəyan edib ki, 2008-ci ilin sonunadək Coscom-un GSM şəbəkəsinin inkişafı üçün $160 mln. investisiya yatırmaq niyyətindədir. 2008-ci ilin yanvarında Skandinaviya şirkəti gözlənilmədən $50 mln.-a Coscom-un səhmlərinin 26% naməlum yerli alıcıya satdığını elan edib. Analitiklər sazişi qeyri-adi adlandırır və istisna etmirlər ki, satış hakimiyyətin təzyiqi ilə həyata keçirilib.

Özbəkistanın rabitə və informatizasiya Agentliyinin (UzASİ) məlumatlarına əsasən, hazırda Özbəkistanın bütün abunəçi bazasının 9,7% Coscom-un payına düşür. Bu il mayın əvvəlində mobil rabitə operatoru Coscom-un abunəçilərinin sayı ilk dəfə olaraq 1 mln. ötüb.

UzASİ-nin məlumatlarına əsasən, 2008-ci ilin mayında beş mobil rabitə operatoru Özbəkistanın təqribən 7,3 mln. abunəçisinə xidmət göstəriblər. Mərkəzi Asiyanın ən sıx məskunlaşmış ölkəsində mobil rabitənin yayılması 27%. təşkil edib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti