...

Azercell və ABŞ səfirliyinin təşkil etdiyi ingilis dili kursları başa çatıb

Telekommunikasiya Materials 10 Sentyabr 2008 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr / Trend / Azercell Telecom şirkəti və ABŞ-ın Azərbaycandakı səfirliyinin jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları başa çatıb. Azercell-in verdiyi xəbərə görə, sentyabrın 8-də kursu müvəffəqiyyətlə bitirən media təmsilçilərinə sertifikatlar təqdim olunub.

ABŞ-ın Azərbaycandakı səfirinin iqamətgahında baş tutan təqdimetmə mərasimində səfir Enn Dörsi qeyd edib ki, hazırda ingilis dili dünyada biznes, texnologiya və beynəlxalq kommunikasiya üzrə qlobal dil sayılır. Jurnalistlərin də bu dildə anlaşa bilməsi çox vacibdir. "Qlobal kommunikasiya dövrü olduğundan, bu gün Azərbaycanın həmişəkindən daha çox ingilis dilində danışmağı bacaran jurnalistlərə ehtiyacı var. Çünki onlar dünyadakı müxtəlif mədəniyyətlər və ölkələr arasındakı uçurumlar üçün körpü rolunu oynaya bilərlər. Öz məqalələri ilə Azərbaycan ictimaiyyətinə beynəlxalq təcrübəni öyrədə bilərlər. Həmçinin, əksinə, beynəlxalq olayları milli müstəvidə dəyərləndirə bilərlər", o bildirib.

Azercell Telecom MMC-nin vitse-prezidenti Ali Ağan da hazırda istənilən sahədə ingilis dilini bilən mütəxəssislərə ehtiyac duyulduğunu vurğulayıb: "Yaşadığımız əsr və ölkə çox sürətlə böyüyür, sürətlə inkişaf edir. Bu baxımdan, jurnalistlərin üzərinə böyük yük düşür. Media işçiləri təkcə dövlətinizi tanıtmalı deyil, xaricdə də Azərbaycan haqqında doğru-düzgün rəy yaratmalıdırlar. Həm də ölkənizdəki insanlara xaricdə baş verənlərlə bağlı dolğun məlumat verməlidirlər. Buna görə də dil bilmək çox önəmlidir".

Azercell şirkətinin ABŞ səfirliyi ilə birlikdə təşkil etdiyi ingilis dili kurslarına ötən ilin noyabrından start verilib. Yeddi ay davam edən kurslar zamanı jurnalistlər üç səviyyə üzrə ingilis dilini öyrəniblər. Media nümayəndələrinə Azərbaycan İngilis dili Müəllimlər Birliyinin üzvləri dərs keçib. Ümumilikdə, 30-dan çox media nümayəndəsi ingilis dili kurslarına qatılıb.

Xəbər lenti

Xəbər lenti