Azərbaycan, Bakı, 26 avqust / Trend , müxbir H.Vəliyev /
Azərbaycan Dövlət Poçt Operatoru "Azərpoçt" MMC "Maliyyə xidmətlərinin inkişafı" layihəsi çərçivəsində öz filialları üçün kompüter və şəbəkə avadanlıqlarının alınması üzrə tender elan edib.
İştirakçıların tender təklifləri sentyabrın 24-dək qəbul edilir. Tender təkliflərinin açılışı həmin gün saat 16:00-da baş tutacaq. Tenderdə iştirakın dəyəri 300 manat təşkil edir.
"Maliyyə xidmətlərinin inkişafı" layihəsi "Elektron Azərbaycan Dövlət Proqramı" çərçivəsində Azərbaycan hökuməti və Dünya Bankı tərəfindən həyata keçirilir. Layihə poçt strukturlarının dəyişdirilməsi və "Azərpoçt" xidmətlərinin təkmilləşdirilməsini nəzərdə tutur. Layihənin əsas məqsədi kəndlərdə və rayon mərkəzlərində maliyyə xidmətlərinin istifadəsi və biznes infrastrukturlarının yaradılması vasitəsilə iqtisadi artıma yardımdır.
Layihə maliyyə xidmətlərini poçt şöbələrinin öhdəsinə buraxmağı nəzərdə tutur. İlkin mərhələdə poçtlarda məhdud maliyyə xidmətləri göstəriləcək. Bura cari hesablar və pul köçürmələri aiddir. Növbəti mərhələdə depozitlərin cəlb olunması planlaşdırılır. Uzunmüddətli perspektivdə isə kreditlərin verilməsi nəzərdə tutulub. Bu xidmətlərin göstərilməsi üçün "Azərpoçt" MMC-yə Azərbaycan Mərkəzi Bankı tərəfindən müvafiq lisenziya veriləcək.
Sentyabrda "Azərpoçt"un avtomatlaşdırılmış maliyyə sisteminin yaradılması üzrə işlərin başa çatması planlaşdırılır. Söhbət proqramın tətbiqindən gedir. Bu proqram vasitəsilə poçt şöbələri müəssisənin mərkəzi ofisinə qoşulacaq.
Eyni zamanda, hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən istifadə edilən APUS (Automated Payment Utility Service) sisteminə qoşulma da nəzərdə tutulur.
Poçt-maliyyə sistemlərinin avtomatlaşdırılması layihəsi ilə bağlı işlər ötən ilin mart ayında başlayıb. Layihəyə HP Colvir və Sinam şirkətləri cəlb olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]