...

Özəl sektorun inkişafı İKT sahəsinə müsbət təsir göstərəcək – Azərbaycan rabitə və informasiya texnologiyaları naziri (MÜSAHİBƏ)

Telekommunikasiya Materials 22 Noyabr 2010 18:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 noyabr /Trend, müxbir H.Vəliyev/

Trend-in Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ilə növbəti BakuTel 2010 - Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi və Konfransı ərəfəsində müsahibəsi

- Siz Azərbaycanın telekommunikasiya bazarının indiki inkişaf tendensiyalarını necə qiymətləndirirsiniz?

- Son illər Azərbaycanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində bir sıra müsbət tendensiyalar müşahidə edilir. Bu, stasionar və mobil rabitə operatorlarının abonent bazasının, eləcə də genişzolaqlı xidmətlər istifadəçilərinin sayının əhəmiyyətli artımı, yeni nəsil mobil şəbəkələrin yaradılması, digər simsiz texnologiyaların inkişafıdır. Digər amil informasiya texnologiyaları sahəsinin inkişafıdır. "Elektron hökumət"in qərarları, elektron kommersiya, elektron internet xidmətləri kimi müxtəlif elektron əlavələr geniş tətbiq edilir. Dövlət Azərbaycanda informasiya cəmiyyətinin yaradılmasına fəal diqqət yetirir və İKT sahəsinin prioritet inkişafına və onun iqtisadiyyatımızın digər sektorlarına təsirinə hər vəchlə xidmət edir. İndi Azərbaycanda azad rəqabət və bazar münasibətləri üçün şəraitin yaradılması, özəl sektorun inkişafının təmini üzrə məqsədyönlü iş aparılır ki, bu da İKT sektoruna müsbət təsir göstərməyə yönəlib. Sektorun xarici və yerli investorlar üçün cəlbediciliyi artıb. Nəticədə, sahədə yeni texnologiyaların tətbiqinə yönəldilən investisiyaların həcmi ildən-ilə artır.

- Rəhbərlik etdiyiniz nazirliyin internet-bazarın gələcək inkişafında, daha dəqiq desək, əhali arasında genişzolaqlı internetin geniş yayılmasında strategiyası hansıdır?

- Göstərilən xidmətlər sahəsində keyfiyyətli sıçrayışına, onların növlərinin artmasına və tətbiqi üzrə tapşırıqların genişləndirilməsinə xidmət edəcək genişzolaqlı xidmətlərin inkişaf konsepsiyasının hazırlanması üzrə iş aparılır. İstifadəçilər internet-resurslardan istifadə üzrə yeni imkanlar əldə edirlər. Yeni texnologiyaların inkişafı və onlardan istifadə üzrə səviyyənin artması da internetdən istifadə qiymətlərinin azalmasına təsir göstərəcək. Son illər Azərbaycanda internetdən istifadə tariflərinin ardıcıl azalması müşahidə edilir və hazırda istifadəçilər həm internet xidmətlərin provayderləri, həm də öz tələbatlarına uyğun tarif paketlərinin seçimi üzrə imkanlara malikdirlər.

Qiymətləndirmələrimizə görə, Azərbaycanda internetin nüfuz səviyyəsi 45 faizə çatır. Bilavasitə genişzolaqlı istifadəyə gəldikdə, bu göstərici 12 faiz səviyyəsində qiymətləndirilir.

Genişzolaqlı internet və digər qeyri-ənənəvi rabitə xidmətlərinin istifadəçilər dairəsinin genişləndirilməsində telekommunikasiya infrastrukturunun modernləşdirilməsi əhəmiyyətli rol oynamalıdır.

- Azərbaycanın təşəbbüskarı olduğu genişmiqyaslı layihələrdən birinə toxunmaq istərdik. Sözbət "Şərq-Qərb" informasiya supermagistralının yaraılması layihəsindən gedir. Siz son ilin yekunlarına görə onun həyata keçirilməsi ilə bağlı hansı məsələləri əsas kimi qeyd edə bilərsiniz?

- Məlum olduğu kimi, keçən ilin sonunda BMT-nin Baş Assambleyası tərəfindən Azərbaycanın bu təşəbbüsünə böyük dəstəyi bildirən "Transavrasiya yüksəksürətli informasiya magistralı sayəsində internetdən istifadənin genişləndirilməsi" qətnaməsi qəbul edilib. Bu, Azərbaycana layihənin əlaqələndirici ölkəsi kimi beynəlxalq mandat verir, eləcə də layihənin gələcək inkişafı üzrə güclü alətdir.

Qətnamə ümumi tövsiyə xarakteri daşısa da, o, ona səs verən, eləcə də informasiya supermagistralı marşrutuna daxil olan əksər ölkələrin siyasi iradəsini əks etdirir. Bu ölkələr milli maraqlardan, eləcə də mehriban qonşuluq və inkişaf perspektivlərindən çıxış edərək, xoş məram əsasında bu layihədə iştirak barədə qərar qəbul edəcəklər. Bu layihənin həyata keçirilməsində uğur bütün ölkələrin və maraqlı qurumların ümumi səylərindən asılı olacaq. Ümid edirik ki, Azərbaycan bu layihədə fəal rol oynamaqla, layihənin həyata keçirilməsi prosesinə başqa tərəfdaşları da cəlb edə biləcək.

Nəzərdə tutulur ki, layihə konsorsuim əsasında həyata keçiriləcək. Hər bir ölkə, hər bir operator investor qismində çıxış edə bilər. Buna əlavə olaraq beynəlxalq maliyyə institutlarının investisiyalarını da cəlb etmək olar.

Bu gün bu layihəyə iri beynəlxalq investorlar və region ölkələri çox böyük maraq göstərirlər. Layihə ümumilikdə 20 ölkəni birləşdirəcək və regionun inkişafında mühüm rol oynayacaq. Onun həyata keçirilməsi Qərbi Avropa və Sakit Okean regionu ölkələri arasında mövcud "rəqəmsal uyğunsuzluğu" aradan qaldırmağa imkan verəcək.

- Bu il Azərbaycanda ilk telekommunikasiya peyki "Azerspace"in buraxılması layihəsi üzrə xeyli iş görülüb. Siz Azərbaycanın dünyanın kosmik bazarına daxil olması üzrə perspektivləri necə görürsünüz?

- Birmənalı şəkildə demək olar ki, cari il bu layihənin həyata keçirilməsində əsas olub. Cari ildə həm peyk istehsalçısı ABŞ-ın "Orbital Sciences Corporation" şirkəti, həm də onun orbitə çıxarılması ilə məşğul olacaq Fransanın "Arianespace" şirkəti ilə mühüm sənədlər imzalanıb. Orbital mövqe üzrə Malayziyanın peyk operatoru MEASAT ilə tərəfdaşlıq qurulub. "Azerspace" peykinin 2012-ci ilin sonuna buraxılması planlaşdırılıb.

Azərbaycanın telekommunikasiya peyki "Azerspace" rəqəmsal radioyayım xidmətlərinin təqdim edilməsi, internetdən istifadə, məlumatların ötürülməsi, VSAT çoxservisli şəbəkəsinin yaradılması, eləcə də rabitənin təmini üçün nəzərdə tutulub. "Azerspace"in xidmət zonasına Avropa, Mərkəzi Asiya və Afrika ölkələri daxil olacaq.

Layihənin həyata keçirilməsi kosmik telekommunikasiya və rabitə sistemləri sahəsində yeni texnologiyaları tətbiq etməyə, vahid informasiya məkanını yaratmağa, eləcə də informasiya müstəqilliyini təmin etməyə imkan verəcək.

Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə peykin orbitə buraxılmasına və onun gələcəkdə  idarə edilməsinə və istismarına məsul olan "Azərkosmos" Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Hesab edirəm ki, 2009-cu ildə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı tədbirlərinin həyata keçirilməsi ölkəmizdə bu sahənin inkişafı və dünya bazarına kosmik xidmətlərin daxil olması üçün lazımi şərait yaradacaq.

- Bu il "Elektron Azərbaycan" Dövlət Proqramının qəbul edilməsi baxımından da əlamətdardır. Bu istiqamətdə hansı işlər görülür?

- Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən 2010-2012-ci illər üçün Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramı ("Elektron Azərbaycan") Azərbaycanda informasiya cəmiyyətinin yaradılmasına dair ikinci mərhələnin istiqamətlərini və fəaliyyət vəzifələrini müəyyən etdi. Bu Dövlət Proqramı çoxlu dövlət qurumları ilə birgə hazırlanıb və bu orqanlarda ölkəmizin, demək olar, sosial-iqtisadi həyatının bütün sahələrini əhatə edən planlaşdırılan və ya həyata keçirilən layihələrin geniş spektrini özündə birləşdirir. Rabitə və İnforamasiya Texnologiyaları Nazirliyi bu dövlət proqramının koordinatoru olmaqla, fəaliyyətin effektivliyinin təmini üçün Koordinasiya Şurası yaradıb. Onun tərkibinə bütün icraçı təşkilatların nümayəndələri daxil edilib. Onu da qeyd etmək lazımdır ki, bu il Nazirlər Kabineti tərəfindən "elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı da təsdiq edilib. Odur ki, Koordinasiya Şurasında bu proqramın icraçıları da təmsil olunublar. Gördüyünüz kimi, Koordinasiya Şurasının iştirakçılar siyahısı kifayət qədər genişdir, bu, yuxarıda göstərilən sənədlərin həyata keçirilməsi üçün daha effektiv qarşılıqlı fəaliyyətə xidmət edəcək.

- Azərbaycanın dövlət qurumlarının informasiyalaşdırılmasının müasir səviyyəsini necə qiymətləndirirsiniz? Texniki baxımdan onlar müasir idaraetmə sistemlərinin tətbiqinə nə dərəcədə hazırdırlar?

- Azərbaycanda "elektron hökumət"in formalaşdırılması üzrə aktiv fəaliyyət aparılır. Demək olar ki, bu prosesə bütün mərkəzi icra orqanları cəlb edilib və artıq uğurla həyata keçirilən layihələr var. Bir daha qeyd edim ki, cari ildə bu istiqamətdə işlərə əlavə impuls verəcək "elektron hökumət"in formalaşdırılması üzrə Fəaliyyət Proqramı qəbul edilib. "Elektron hökumət"in yaradılması prosesinin əsas məqsədi hökumət orqanlarının fəaliyyətinin effektivliyinin və şəffaflığının artırılması, əhali, biznes və cəmiyyətin dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin daha istifadəli, sadə və rahat üsullarının təmin edilməsindən və onların dövlət idarəetmə prosesinə fəal cəlb edilməsindən ibarətdir.

Bu gün dövlət bu prosesdə maraqlı tərəfdir. Qeyd edə bilərik ki, artıq həyata keçirilən layihələr "elektron hökumət"in formalaşdırılması üzrə fəaliyyətin effektivliyini göstərir. Elektron formada vergi bəyannamələrinin və hesabatların təqdim edilmə imkanlarının təmini, dövlət qulluğuna qəbul prosesi zamanı ərizələrin verilməsi, ali və orta ixtisas məktəblərinə qəbul, internet vasitəsilə iş axtararkən, müxtəlif kommunal xidmətlərin elektron ödənişi üçün imkanların verilməsi "elektron hökumət" layihələrinin həyata keçirilməsinin müsbət nümunələridir. İndi "elektron imza"nın istifadəsi üçün infrastrukturun formalaşdırılması üzrə iş aparılır ki, bu da əhaliyə göstərilən müxtəlif elketron xidmətlərin inkişafına müsbət təsir edəcək. Bu prosesdə əhali həm də fəal iştirakçıdır, onun tələbatları və göstərilən xidmətlərin tətbiqi üzrə bacarıqları çox vacibdir. Sevindirici haldır ki, yuxarıda göstərilən layihələrin nəticələri müsbətdir və əhali tərəfindən tələb olunandır. Ümid edirik ki, "elektron hökumət"in formalaşdırılması prosesi uğurla davam etdiriləcək və gündən-günə bu imkanlar artacaq.

- İKT sektorunun inkişafı müəyyən mənada özəl sektordan da asılıdır. Əksər ölkələrdə tədqiqatların çox hissəsi özəl sektor tərəfindən maliyyələşdirilir. Necə fikirləşirsiniz, Azərbaycan elminin elmi ideyaların həyata keçirilməsi üçün vençur kapitalına nə dərəcədə ehtiyacı var və bu istiqamətdə hansı addımlar müsbət rol oynaya bilər?

- Bu gün qloballaşan dünyada innovasiyalı inkişaf istehsalçıların və elmi mühitin qarşılıqlı münasibətinin daha perspektivli formasıdır. İstehsalçılar yaradılmasında elmi-tədqiqat potensialının iştirak etdiyi daha proqressiv texnologiyalarda, məhsullar və xidmətlərdə maraqlıdırlar. Deməli, inkişaf etmiş ölkələrdə özəl sektor elmi araşdırmaların fəal maliyyəçisidir. Məsələn, ABŞ-da təqdiqatların 80 faizə yaxını özəl sektor tərəfindən maliyyələşdirilir. Azərbaycanda innovasiyalı fəaliyyətin aktivləşdirilməsi, özəl sektorun inkişafı, onun təqdiqat fəaliyyətinə cəlb edilməsinin səviyyəsinin artırılması üçün regional innovasiya zonasının (RİZ) yaradılması üzrə layihənin həyata keçirilməsi planlaşdırılır. İlkin araşdırmalara görə, bu layihənin uğurla həyata keçiriləcəyi təqdirdə, artıq 2022-ci ilədək İKT sektorunun gəlirləri neft sektorunun gəlirlərini ötməklə, gələcəkdə Azərbaycanın iqtisadi inkişafının lokomotivi olacaq.

Azərbaycanda RİZ-in yaradılması üzrə təkliflər aidiyyəti qurumlara baxılmağa və razılaşdırılmağa göndərilib. Belə layihələrin uğur qazanması üçün böyük əhəmiyyət daşıyan məsələlərdən biri də RİZ çərçivəsində fəaliyyət üçün daha əlverişli güzəştli şərtlərin təqdim edilməsidir. Bu məsələlərin müsbət həlli xarici şirkətlərin, investorların cəlb edilməsi, yerli şirkətlərin möhkəmlənməsi və RİZ-də istehsal olunan məhsulun ixracı üçün əlverişli şərait yaradacaq.

RİZ-in yaradılması layihəsinə onun həyata keçirilməsində mühüm rol oynayacaq beş əsas istiqamət qoyulub. İnformasiya resursları üçün DATA mərkəzin yaradılması və informasiya xidmətlərinin göstərilməsi, insan resurslarının, orta və kiçik sahibkarlığın inkişafı, investisiyaların cəlb edilməsi və ölkənin ixrac potensialının inkişafı bu istiqamətlərin əsasını təşkil edir. Ümid edirik ki, layihə ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsinə və onun dünya iqtisadiyyatına fəal inteqrasiyasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti