...

Azərbaycanda HP-nin biznesinin artımı 20 faiz təşkil edib

Telekommunikasiya Materials 18 Yanvar 2012 11:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda "Hewlett-Packard" (HP) şirkətinin 2011-ci ildə korporativ və dövlət seqmenti üzrə biznesində artım 20 faizə yaxın təşkil edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı НР şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozak bildirib.

Onun sözlərinə görə, həmin seqmentlər üzrə satınalmalar əsasən kiçik və iri server həllərinin payına düşür. Korporativ seqmentdən fərqli olaraq istehlak seqmenti özünü kifayət qədər yaxşı göstərməyib.

"Ümumilikdə, Qazaxıstan bazarı istisna olmaqla, MDB-nin digər ölkələrinin bazarlarında durğunluq hiss olunur. Ukrayna və Belarus bazarlarında durğunluq daha ciddi şəkildə özünü göstərir. Azərbaycan bazarı, mən deyərdim ki, orta göstərici nümayiş etdirib, deyək ki, Qazaxıstanla Ukrayna arasında. Bizim üçün ötən ilin noyabrından başlayan birinci rübdə Azərbaycan bazarı müsbət nəticələr nümayiş etdirməyə başlayıb və cox güman ki, bu tendensiya ilin sonunadək saxlanacaq", - Kozak deyib.

2011-ci ildə şirkətin bütün dünya üzrə bazarında artım cəmi bir faiz təşkil edərək 127,3 milyard dolları ötüb. Kozakın sözlərinə görə, bu məbləğdən MDB ölkələrinin payına cəmi bir faiz düşür. HP şirkətinin Azərbaycandakı biznesinin ümumi artımı isə təxminən 11 faiz həcmində qiymətləndirilir.

"HP Azerbaijan" nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyovun dediyi kimi, HP-nin praktiki olaraq bütün seqmentlərdə çox stabil artımı mövcuddur və misal üçün, şirkətin Azərbaycan bazarında satdığı Wi-Fi həlləri bu gün praktiki olaraq Bakının bütün iri hotellərində istifadə edilir. HP-nin biznesinin gələcək inkişafının perspektivli istiqaməti, həmçinin "buludlu infrastruktur"un qurulması üçün həll seçilib.

"Biz Azərbaycanın bank sektorunda Blade Matrix "buludlu həll"ini seçmişik. Bu, HP üçün əsas prioritet istiqamət olan Cloud sisteminin əsas inkişaf platformasıdır. Bu sahə ilə yetərincə sıx işləyirik, sifarişçilərimiz və tərəfdaşlarımızla seminarlar keçiririk. Ona görə də, bu bizim getdiyimiz elə həmin trenddir və biz bütün dünyada, o cümlədən, Azərbaycanda Cloud əlavələrin böyük inkişafını görürük", - Hacıəlibəyov bildirib.

Onun sözlərinə görə, bu gün HP Azerbaijan "buludlu həllər"in tətbiqi ideologiyasını təklif etdiyi bir sıra idarələrlə danışıqlar aparır. Azərbaycan MDB-də "buludlu infrastruktur"un qurulması üçün HP həllərin alınmasında addım atan ilk ölkədir. Bu il şirkət Azərbaycan bazarına yeni "Superdome2" məhsulu çıxarıb. O, artıq Azərbaycanın "Azercell Telecom" mobil rabitə operatorunun şəbəkəsində tətbiq edilib.

Xəbər lenti

Xəbər lenti