...

TASİM-in həyata keçirilməsi üzrə konsorsiumun yaradılması prosesi intensivləşdirilib - nazir

Telekommunikasiya Materials 21 Yanvar 2012 13:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

Transmilli Avrasiya Super İnformasiya Magistralının (TASİM) yaradılması layihəsinin həyata keçirilməsi üzrə konsorsiumun təsis edilmə prosesi intensivləşdirilib. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Layihə çərçivəsində Azərbaycan və Türkiyədə təşkil edilən bir sıra görüşlər keçirilib", - nazir bildirib.

Abbasovun sözlərinə görə, hazırda yekun sənəd üzərində iş aparılır. Həmin sənəd layihə iştirakçılarına layihənin gələcəkdə həyata keçirilməsi məqsədilə konsorsiumun yaradılması üçün dövlətdən lazımi dəstək almağa imkan verəcək.

Layihə üzrə işçi qrupunun tərkibinə Azərbaycan, Rusiya, Qazaxıstan, Türkiyə və Çin nümayəndələri daxildir. TASİM layihəsində iştirakda prinsipial marağını Ukrayna və Gürcüstan da bildirib.

Azərbaycanın təşəbbüs göstərdiyi TASİM super informasiya magistralı öz xarakteristikasına görə, Tier 1 və ya Tier 2 sinfinə uyğun gələcək.

TASİM super informasiya magistralının yaradılması üzrə Azərbaycanın qətnaməsi BMT-nin 66-cı plenar iclası çərçivəsində qəbul edilib. BMT layihəyə dəstəyini bildirib. Layihə yoxsulluğun azaldılması, iqtisadiyyatın artımının sürətləndirilməsinə yönəlib və regionun inkişafı üçün ümumilikdə lokomotiv rolunu oynayacaq. TASİM layihəsi ümumilikdə 20 ölkənin birləşdirilməsini nəzərdə tutur. Onun həyata keçirilməsi Qərbi Avropa və Sakit Okean hövzəsi ölkələri arasında "informasiya boşluğu"nu aradan qaldırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti