...

"Bakcell" mobil nömrələrin yeni yığım qaydasına keçir

Telekommunikasiya Materials 30 Yanvar 2012 15:59 (UTC +04:00)
Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti yanvar ayının ortalarından etibarən öz müştərilərinə mobil nömrələrin yeni yığım qaydası haqqında məlumat verməkdədir.
"Bakcell" mobil nömrələrin yeni yığım qaydasına keçir

Azərbaycan, Bakı, 30 yanvar /Trend/

Azərbaycanın mobil operatoru "Bakcell" şirkəti yanvar ayının ortalarından etibarən öz müştərilərinə mobil nömrələrin yeni yığım qaydası haqqında məlumat verməkdədir.

Şirkətdən bazar ertəsi Trend-ə verilən məlumata görə, yeni qaydalara əsasən, şəbəkədaxili zənglər üçün "Bakcell" abunəçiləri nömrədən qabaq 055 prefiksini yığmalıdırlar (məsələn, 055 XXX-XX-XX).

Yeni 10 rəqəmli yığım formatı şirkət tərəfindən şəbəkə infrastrukturunda mobil nömrə daşınmasının həyata keçirilməsinə hazırlıq kimi tətbiq edilir. Mobil nömrə daşınması telefon nömrəsini dəyişmədən mobil xidmətlər təchizatçısını dəyişmək imkanı deməkdir. Başqa sözlə, mobil nömrə daşınmasının tətbiqindən sonra abunəçilər öz mobil nömrələrini dəyişmədən bir mobil operatordan digər mobil operatora keçmək imkanı əldə edəcəklər.

"Zənnimcə, nömrə daşınmasının tətbiq edilməsi bazarın xeyrinə olacaq. Bu, Azərbaycanın mobil rabitə bazarında rəqabəti artıracaq. Biz nömrə daşınmasının tətbiq edilməsini tam olaraq dəstəkləyirik. Digər bazarların təcrübəsi aydın şəkildə göstərir ki, istehlakçılara seçim imkanının verilməsi bazara müsbət cəhətdən təsir edir. Bizə gəldikdə isə, yeni sistem şirkətimizə korporativ və milli biznes seqmentlərində daha fəal iştirak etmək üçün şərait yaradacaq. Hazırda Bakcell-in gəliri əsasən istehlak bazarından əldə olunur və biz müəyyən səbəblərdən rəqiblərimizin xidmətlərindən istifadə edən böyük beynəlxalq korporasiyalar və Azərbaycanda fəaliyyət göstərən böyük milli şirkətlərlə işləmək üçün geniş imkanlar görürük. Biz inanırıq ki, istehlak bazarında qazandığımız etibar bizim həmin seqmetlərdə daha fəal iştirakımız üçün əsaslı zəmin yaradıb", - "Bakcell" şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.bakcell.com internet səhifəsinə daxil olmaq və ya 555-ə zəng etmək olar.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Xəbər lenti

Xəbər lenti