...

Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında idman yarışı keçirilib

Telekommunikasiya Materials 27 Aprel 2012 17:27 (UTC +04:00)
Gəncə Təhsil İdarəsinin 45 saylı yardımçı məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında "Mən də varam" adlı idman yarışı keçirilib.
Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında idman yarışı keçirilib

Azərbaycan, Bakı, 27 aprel /Trend/

Azərbaycana Birgə Yardım Təşkilatı (United Aid for Azerbaijan) və "Bakcell" şirkətinin dəstəyi ilə Gəncə Təhsil İdarəsinin 45 saylı yardımçı məktəbində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında "Mən də varam" adlı idman yarışı keçirilib.

Trend-in məlumatına görə, bu idman yarışı Bakcell-in Korporativ Sosial Məsuliyyət Proqramının dəstəyi ilə UAFA tərəfindən həyata keçirilən "Ünsiyyət problemli uşaqların incəsənət vasitəsilə bacarıqlarının artırılması" layihəsinin komponentlərindən biridir. Layihə çərçivəsində ünsiyyət problemli uşaqlara rəsm, eyni zamanda, rəqs, foto, tikiş, idman dərsləri keçirilir, onlara öz fikir və təxəyyüllərini bu yolla ifadə etmək imkanı verilir.

Artıq iki ildir ki, bu idman məşğələlərinə qatılan uşaqların fiziki bacarıqlarında ciddi inkişaf nəzərə çarpır. İdman dərsləri həm qrup, həm də fərdi məşğələlər şəklində təşkil olunur.

Fiziki qüsurlu uşaqların idman dərslərinə cəlb olunmasında Gəncə şəhər Gənclər və İdman Baş İdarəsi və Xüsusi Olimpiya Komitəsi xüsusi rol oynayıb. "Mən də varam" adlı müsabiqənin əsas məqsədi Gəncə şəhərində yaşayan əlilliyi olan istedadlı uşaqları üzə çıxararaq onları Respublika Xüsusi Olimpiya və Paralimpiya yığma komandasına cəlb etməkdir.

Bu yarış layihə çərçivəsində keçirilən ilk tədbir deyil. İki il ərzində "Bakcell" və UAFA arasındakı əməkdaşlıq çərçivəsində idman dərslərinə qatılan uşaqlar bir neçə respublika səviyyəli idman yarışlarında iştirak edərək qızıl, gümüş və bürünc medallara layiq görülüblər.

Xəbər lenti

Xəbər lenti