Azərbaycan, Bakı, 29 mart /Trend/
Bu gün Bakıda Ümumdünya "Start-up" müsabiqəsinin final mərhələsi baş tutub. Gənc sahibkarlara İKT sahəsində biznes layihələrini gerçəkləşdirmək imkanı verən bu layihənin 4 qalibi seçilib.
Beynəlxalq Münsiflər Heyətinin dəyərləndirməsi nəticəsində Rəhman Məmmədlinin "NeWo" layihəsi 1-ci yerə layiq görülüb. Elvin Əfəndiyevin "Testoloq" layihəsi 2-ci yeri, Rüfət Balakişiyevin "Şəhər Bələdçisi" layihəsi 3-cü yeri və Azər Əliyevin "AziFus" layihəsi 4-cü yeri qazanıb.
Müsabiqədə birinciliyi qazanan layihənin müəllifi 2014-cü ilin fevralında İsveçrənin Lozanna şəhərində keçiriləcək Qrand Final mərasiminə qatılaraq öz biznes ideyasını beynəlxalq hakimlər qarşısında təqdim edəcək. 2-ci yerə çıxan "start-up" İsveçrədə biznes təliminin iştirakçısı olmaq və layihəsini birbaşa investorlara təqdim etmək şansını əldə edib. Finalda 3 və 4-cü yerlərin sahibləri isə hər biri 2000 AZN məbləğində pul mükafatı qazanıblar.
Ümumdünya "Start-up" müsabiqəsi "Azercell Telekom" MMC, Barama İnnovasiya Mərkəzi, "Paşa Bank" və İsveçrənin "Seedstars" şirkətinin birgə dəstəyi ilə baş tutub. İl ərzində ümumilikdə dünyanın 20 ölkəsində ən yaxşı "start-up"ların müəyyənləşdirilməsi üçün müsabiqələr keçiriləcək. Sonradan ölkələr üzrə qaliblər Qrand Finalda yarışacaq.
Qeyd edək ki, yarışmanın Azərbaycan üzrə seçimləri bu ilin fevralından başlayıb. Azercell-in dəstəyi ilə ilk dəfə azərbaycanlı gənclər də bu beynəlxalq yarışmada iştirak haqqını qazanıblar. Müsabiqəyə 90-dan artıq müraciət daxil olub. Onlardan 20-si son mərhələyə vəsiqə qazanıb. Martın 27-də Barama İnnovasiya Mərkəzinin ofisində final iştirakçıları üçün avropalı mentorlar tərəfindən təlimlər, onların layihələrinə aid fərdi məşğələlər keçirilib.
Azercell-in Barama İnnovasiya Mərkəzi gənclərə İKT ilə bağlı yeni ideyaları araşdırmaq, inkişaf etdirmək və onların həyata keçirməkdə yardım göstərir.
Daha ətraflı məlumat üçün: [email protected]