...

Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclası iyunda keçiriləcək

Telekommunikasiya Materials 6 Mart 2015 17:51 (UTC +04:00)
Səfir ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Azərbaycan və Avstriya arasında əməkdaşlıq üzrə Qarışıq Komissiyanın iclası iyunda keçiriləcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 6 mart /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Avstriya ilə əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aksel Vex ilə görüşüb.

Azərbaycanla Avstriya arasında dostluq müstəvisində genişlənən əlaqələrin bütün istiqamətlərə nüfuz etdiyini deyən Ə.Abbasov digər sahələrdə olduğu kimi, rabitə və yüksək texnologiyalar sahəsində də əməkdaşlığın davam etdirilməsi üçün yüksək potensialın mövcudluğunu vurğulayıb. İlbəil möhkəmlənən münasibətlərin uğurlu inkişafının təmin edilməsində qarşılıqlı marağın olduğuna diqqət çəkən nazir gələcək əməkdaşlıq istiqamətləri və perspektivlərdən də söz açıb.

Azərbaycanda gedən iqtisadi inkişaf proseslərini maraqla izlədiyini deyən A.Vex ikitərəfli təmaslarda müşahidə olunan yüksək dinamikanı vurğulayaraq əməkdaşlıq üçün geniş imkanların olduğunu dilə gətirib. Səfir ölkəsinin Azərbaycanla əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən İKT sektorunda genişləndirilməsində maraqlı olduğunu qeyd edib.

Avstriyalı diplomat nazir Ə.Abbasovun "Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya"nın sədri kimi fəaliyyətindən məmnunluğunu ifadə edərək, münasibətlərin inkişafına təkan verən komissiyanın 1-3 iyun tarixlərində Bakıda keçiriləcək növbəti iclasında qarşılıqlı investisiya qoyuluşlarının müzakirəsinin, eyni zamanda avstriyalı şirkətlərin iştirakı ilə biznes forumun təşkilinin məqsədəuyğunluğundan danışıb.

Səfir A.Vex ölkəmizdəki diplomatik fəaliyyəti dövründə tərəflər arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini də qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti