...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsi elan edir

Telekommunikasiya Materials 28 İyun 2016 16:09 (UTC +04:00)
Müsabiqədə Azərbaycan vətəndaşı olan fiziki şəxslər və Azərbaycanda dövlət qeydiyyatında olan hüquqi şəxslər iştirak edə bilərlər.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsi elan edir

Bakı. Hüseyn Vəliyev - Trend:

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu qrant müsabiqəsi elan edir.

Fonddan Trend-ə verilən məlumata görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə innovativ və tətbiqi elmi-texniki layihələrin maliyyələşdirilməsi məqsədilə aşağıdakı prioritet istiqamətlər üzrə kiçikhəcmli qrant müsabiqəsi elan edir:

1. E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması;
2. İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
3. İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması.

Müsabiqədə Azərbaycan vətəndaşı olan fiziki şəxslər və Azərbaycanda dövlət qeydiyyatında olan hüquqi şəxslər iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan layihələrə dair tələblər:

1. Hər bir layihə Fond tərəfindən müəyyən edilmiş istiqamətlərdən birinə uyğun olmalıdır;
2. Layihə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 saylı Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitinin istifadəsi Qaydaları”na və Fondun Müşahidə Şurası tərəfindən təsdiq olunmuş “Qrant müsabiqələrinin təşkili və keçirilməsi Qaydaları”na uyğun tərtib olunmalıdır;
3. Hər bir layihə məsul şəxs hesab edilən layihə rəhbəri ilə təmsil olunmalıdır;
4. Layihə rəhbəri cari müsabiqə üzrə yalnız bir layihədə (xüsusi əsaslandırılmış hal istisna olmaqla) iştirak edə bilər.

Layihələr yalnız Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) e-qrant bölməsi vasitəsilə elektron formada təqdim edilməlidir.

Qiymətləndirmə meyarları:

1. Layihənin məqsəd və vəzifəsinin aydınlığı;
2. Layihənin ölkədə İKT sahəsinin inkişafına verəcəyi töhfə;
3. Layihənin kommersiyalaşdırılma potensialı;
4. Layihənin dəqiq ifadə edilmiş və əsaslandırılmış ideyasının olması;
5. Layihənin innovasiya yönümlü olması və aktuallığı;
6. Layihəyə yerli və xarici investorların cəlb olunması ehtimalı;
7. Layihə rəhbərinin və ya icraçının (icraçıların) əvvəlki yerinə yetirilmiş (yerli və xarici) İKT layihələrində uğurlu iştirakı;
8. Qrant layihəsi üçün tələb olunan maliyyələşdirilmənin məbləğinin məntiqli və reallığa uyğun olaraq ciddi şəkildə əsaslandırılması;
9. Layihədə aparılan iqtisadi hesablamaların dəyərləndirilməsi;
10. Layihənin gələcəkdə ölkə üçün sosial-iqtisadi əhəmiyyəti;
11. Layihənin nəticələrinin əhatəliliyi və onun genişləndirilməsi mümkünlüyü;
12. Layihənin səmərəliliyi və layihənin icrası ilə bağlı risklərin qiymətləndirilməsi.

Layihələrin qəbulu 1 iyul 2016-cı il tarixdən başlayır və 1 sentyabr 2016-cı il tarixdə başa çatır.

Layihələrin qəbulu üçün son tarix: 1 sentyabr 2016-cı il, saat 18:00.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti