...

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsi

Telekommunikasiya Materials 3 Avqust 2016 15:18 (UTC +04:00)
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu davam edir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun qrant müsabiqəsi

Bakı. Trend:

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması qaydaları ilə əlaqədar Fondda mütəmadi olaraq məlumat sessiyaları təşkil olunur.

Görüşlərdə Fondun əməkdaşları tərəfindən qrant müsabiqəsi çərçivəsində layihələrin təqdim olunması ilə bağlı İKT sahəsində fəaliyyət göstərən sahibkarlara və İKT sahəsində layihələr həyata keçirmək istəyən vətəndaşlara müsabiqə qaydaları, habelə layihə təqdim etmək üçün tələb olunan müvafiq sənədlər barədə geniş məlumat verilir. Qrant müsabiqəsi ilə bağlı məlumat sessiyalarında iştirak etmək istəyənlər İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna (Bakı ş. İnşaatçılar prospekti 4, Azərbaycan) bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək gələ bilərlər.

Layihələri Fondun rəsmi internet səhifəsindəki (www.ictfund.gov.az) E-qrant bölməsindən təqdim etmək mümkündür.

Müsabiqədə iştirakla bağlı əlavə məlumat almaq üçün 012 538 37 87/88 əlaqə nömrələri və ya [email protected] elektron ünvanı vasitəsilə Fonda müraciət edə bilərsiniz.

Xatırladaq ki, qrant müsabiqəsinə üç istiqamət – E-xidmətlər üzrə texnologiya və həllərin inkişafı və kommersiyalaşdırılması, innovativ İKT məhsulları nümunələrinin hazırlanması, innovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması istiqamətləri üzrə layihələrin qəbulu 1 sentyabr 2016-cı il tarixədək davam edəcəkdir.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqda

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu Azərbaycan Respublikası Prezidentinin 15 mart 2012-ci il tarixli sərəncamı ilə yaradılıb. Fondun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi-tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.

Fond ölkə iqtisadiyyatında İKT sektorunun inkişafı ilə bağlı real nailiyyətlərin əldə olunması üçün sərəncamında olan vəsaitlər vasitəsilə özünün 3 əsas maliyyə mexanizmindən istifadə edir.

müsabiqə yolu ilə innovativ və tətbiqi elmi-texniki layihələrinin qrant maliyyələşməsi;
müvəkkil kredit təşkilatları vasitəsilə bu sahədə fəaliyyət göstərən sahibkarlara aşağı faizli, güzəştli şərtlərlə kreditlər verilməsi;
müəssisələrin səhmlərinin və ya digər qiymətli kağızlarının əldə edilməsi yolu ilə bu müəssisələrə müddətli investisiya qoyuluşu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti