...

"TeliaSonera"nın Avrasiya biznes sahəsinin yeni rəhbəri təyin olunub

Telekommunikasiya Materials 26 Aprel 2007 11:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu il mayın 1-dən etibarən "TeliaSonera" şirkətinin Avrasiya biznes sahəsinin maliyyə direktoru və icraçı direktorunun müavini Tero Kivisaari şirkətin Avrasiya bölməsinin prezidenti vəzifəsini icra edəcək. 35 yaşlı Kivisaari Helsinki Texnologiya Universitetini və Helsinki İqtisadiyyat Kollecini bitirib. Artıq 10 ildir ki, o, "TeliaSonera" şirkətində çalışır.

Kivisaari bu vəzifədə Erdal Durukanı əvəzləyəcək. "Azercell Telecom"un mətbuat xidmətinin məlumatına görə, Durukan bu postdan öz qərarı ilə istefa verərək 2007-ci il mayın 1-dən "TeliaSonera" şirkətindən ayrılacaq.

"Türkiyə, Mərkəzi Asiya və Şərqi Avropanın kommunikasiya sahəsində "Turkcell" və "Fintur" şirkətləri ilə birgə 13 il fəaliyyət göstərməyimin sonunda bu qərar mənim tərəfimdən təbii bir addımdır. "TeliaSonera" şirkətində işlədiyim illər çox uğurlu olub. Bütün region maraqlı bir dönəm yaşayır - Avrasiyadakı biznes bu gün "TeliaSonera"nın ümumi biznesinin 1/3 hissəsini təşkil edir" - deyə Durukan bildirib.

"TeliaSonera"nın prezidenti və icraçı direktoru Anders Igelin Kivisaari barədə fikirləri isə belə olub: "Kivisaari ötən beş il ərzində Avrasiya regionunda şirkətimizin fəaliyyətinin genişləndirməsində mühüm rol oynayıb. Gələcəkdə işlərimizin öz axarı ilə davam etməsində onun böyük əməyi olacaq".

"TeliaSonera" şirkətinin Avrasiya biznesi "Fintur" (74%) şirkətinin Qazaxıstan ("Kcell"), Azərbaycan ("Azercell"), Gürcüstan ("Geocell") və Moldovadakı ("MoldCell") fəaliyyətini əhatə edir. Bu biznes sahəsi həmçinin Rusiyanın "MegaFon" (44%) və Türkiyənin "Türkcell" (37%) şirkətində təsmil olunur.

Bu sahəyə 2007-ci il mayın 1-nə kimi Durukan rəhbərlik edəcək. 1998-ci ildən İsveç Krallığının Azərbaycanda fəxri konsulu olan Durukan Azərbaycanda ilk GSM mobil rabitə operatoru olan "Azercell Telekom"u yaradaraq uzun müddət onun baş direktoru olub. Azərbaycanda işlədiyi müddət ərzində Durukan ölkəmizin iqtisadiyyatı ilə yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına öz tövhfəsini verib.

Xəbər lenti

Xəbər lenti