Azərbaycan, Bakı /müxbir Trend S.Babayeva/ Payızın sonuna qədər "Microsoft" "Windows Vista" və "2007 Microsoft Office" paketinin lokallaşdırılmasını başa çatdıracaq. Bu barədə cümə günü mətbuat konfransında "Microsoft"un Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Çaykovski məlumat verib.
Onun sözlərinə görə, layihə üzərində iş sürətli templərlə gedir, bu da payızın sonuna qədər məhsulun Azərbaycan istifadəçilərinə təqdim olunacağını proqnozlaşdırmağa əsas verir.
"Microsoft" "Windows Vista" əməliyyat sisteminin və "2007 Microsoft Office" paketinin Azərbaycan dilinə tərcümə olunmasının (lokallaşdırılması) əsas mərhələsinin başlanması barədə 2006-cı ilin oktyabrında elan edib. 2 min söz həcmində qlossari "Microsoft Azerbaijan" (korporasiyanın Azərbacandakı nümayəndəliyi) və onun rəsmi əməkdaşı "Sinam Ltd" arasında imzalanmış müqavilə çərçivəsində hazırlanıb.